Tural Cəfərli - Bəzən susub öz içində danışarsan olanı
Bəzən susub öz içində danışarsan olanı,
Olmayanı eşidərsən özgələrin dilindən.
Bəzən qaçıb gizlənərsən işıq gələn tərəfdən,
İçin yanar, su içərsən kölgələrin əlindən.
Yoluxarsan tənhalığa otuz beşdən üzü qırxa,
Və ağlına gəlməyəni öz başına gətirərsən.
Yad adamlar doğman olar, doğmaların yadlaşar,
Tale deyib ömür-günü yola verib, bitirərsən.
Nə var idi, nə yox idi, çox önəmli deyilmiş,
Küləkləri küçələrə kim hörübsə, gözəldi.
Bir buludun göy üzündə darıxmağı necədi?!
Necə idi, kim bilirsə, kim görübsə, gözəldi.
Bu unutmaq hansı üzlə gəlib səni tapacaq?!
Lap tutaq ki, gəlib tapsa, guya nəsə olacaq?!
Sən yağışın dilin bilən, sözün bilən, adamsan,
Səhranı lap sellər qapsa, guya nəsə olacaq?!
Axtarmayıb tapacaqsan, itirdiyin şeyləri,
Dərs olacaq bir gün vecsiz dayandığın nələrsə.
Hərdən yıxıb, süründürər, güc aldığın yerlər səni,
Ayaq üstə saxlar gücsüz dayandığın nələrsə.