Adilə Nəzər - AMANDIR
Yaxından uzağa qalxıb köçsən də,
Könlümün evindən köçmə, amandır.
Hər axan bulağın suyun içsən də,
Ayrılıq suyundan içmə, amandır.
Bağı çözülsə də o ayaqların,
Uzaq görünsə də yarın yolları,
Gülləri solsa da tər gülüstanın,
Yad çəmənə ayaq açma, amandır.
Sevgidə aşağı, baş olmaq da var,
Sevinmək, həm gözdə yaş olmaq da var,
Uçanda bir oxa tuş olmaq da var,
Qanadın qırılar, uçma, amandır.
Bir az da çək ömrün dumanın, çənin,
Titrəsin ürəyin, əssin əllərin..
Boyuna biçilib bu sevgi sənin,
Qismətini qoyub qaçma, amandır.
Güldürmə, gülməsin bizə oba, el,
Qarğalar ötməsin sözünü dil-dil,
Alıb aparsa da mərddən gələn sel,
Namərd körpüsündən keçmə, amandır.
Asan yaratmadın meyli, rəğbəti,
Boş vermə zamanı - əlahəzrəti,
Gələn qismət, amma özün həsrəti
Üstümə paltar tək biçmə, amandır.
Adilə Nəzər