SÜLEYMAN ABDULLA - BİR DƏ O PAYIZA
Ömrün yaman vaxtı yetişdi daha,
Küsüb varacağın yol bəlli olmaz.
Kimsə dönüb baxmaz çəkdiyin aha,
Nimdaş xatirə də təsəlli olmaz.
Sınmış qanad üçün necə ağırmış,
Ağrılar içində uça getməyi.
Ürəyin bir yana, gözünü qırmış,
Bir zərrə ümidin puça getməyi.
Daha kölgəsi də keçməz yanından,
Zaman ağrısını tökər araya.
Sonra son nəfəstək çıxar canından,
Bir məzar sükutu çökər araya.
Bir də...
unutduğun ilk görüş yeri...
Yolun düşər hansı yönə bilinməz.
Yüz dəfə çəksən də saatı geri,
Bir də o payıza dönə bilinməz.
Cəzadır zamanın qışına düşmək,
Şaxtası canına hopar buzluğun.
Əcəli üstünü kəsən qoca tək
Düşərsən cənginə yuxusuzluğun.
Özün ol son kərə dua edərkən,
Hər kəsin özünə görə piri var.
Nə yaxşı dünyadan çıxıb gedərkən,
"Mən ölü, sən diri..." susan biri var.