Əsəd Təhləli - DARIXDIM
Ay insafsız, bilirsənmi neynədim?
Şirin, şəkər sözün üçün darıxdım!
Bal dodağın, qaymaq dilin, bir də ki,
Qaşın üçün, gözün üçün darıxdım!
Şirin, şəkər sözün üçün darıxdım!
Sinəm üstə dünya boyda qəm qondu,
Elə bildim bu axırdı-bu sondu.
Xəyal sındı, ürək əsdi, can dondu,
Odun üçün, közün üçün darıxdım!
Şirin, şəkər sözün üçün darıxdım!
Dadsızlaşıb, xoş tam vermir ta meyim,
Kim qarğadı libas deyil, dərd geyim?!
Bundan anrı nələr qaldı, nə deyim,
Ömrüm-günüm, özün üçün darıxdım!
Şirin, şəkər sözün üçün darıxdım!