Ayaz Arabaçı - Mənim də şəklimi çək...
Mənim də şəklimi çək,
Bir az süst, bir az yorğun,
Bir az yuxulu ömür.
Şamın içindən çıxan son nəfəs kimi titrək,
Yanıq qoxulu ömür..
* * *
Bir dənizdir, bir də mən,
Bir də ki, martılardır..
Yox, bu səssizlik deyil.
Qəlbimin divarına damar-damar çəkilib,
hopmuş hayqırtılardır..
* * *
Məna yetimliyi var,
Sözdə, ürəkdə, qanda.
Yarpaqların səsini eşitmək istəyirəm..
Yağış damcılarıyla öpüşdükləri anda.
* * *
Üzür məni indidən
vaxtı çatmamış kədər.
Vaxtın damarlarından qan almaq istəyirəm,
Səni sevdiyim qədər.
* * *
Bir albom düzəltmişəm,
sənli xəyallarımdan.
Ah bu yalançı jestlər..
Sənə güzgümsən dedim,
mahiyyətimi göstər..