Adil Şirin- Anamın gözləri girir yuxuma

Ədəbiyyat 09:11 / 27.03.2026 Baxış sayı: 380

* * *

Anamın gözləri girir yuxuma,

Həzin layla çalır sanki ruhuma.

Fəsillərdən payız, günlərdən cuma,

Əzan səsi gəlir çox-çox uzaqdan.

 

Əzan səsi gəlir çox-çox uzaqdan,

Bu şeiri biçdim qaradan, ağdan.

Günlər meyvə kimi düşür budaqdan,

Ürəyim sıxılır, gözlərim dolur.

 

Ürəyim sıxılır, gözlərim dolur,

Ümidim, inamım saralır, solur.

Günlərim dünənsiz sabahlar olur,

Könlüm dualarla ovunmur daha.

 

Könlüm dualarla ovunmur daha,

Ölüm çox ucuzdur, torpaq çox baha.

Mələk göyə çəkir, fələk günaha,

Əzan səsi gəlir çox-çox uzaqdan...