Səhər  Əhməd - Bilsən, necə dolaşıbdı

Ədəbiyyat 21:00 / 18.06.2026 Baxış sayı: 97

Bilsən, necə dolaşıbdı

Bir- birinə işlərim.

Ən yaxşı bəhanəsidi,

Bu, qəfil görüşlərin.

Heç bilmirəm bu düyünü

Hardan başlayıb açım.

Ya hər şeyi belə qoyub

Sənin yanına qaçım?!

Pişiyim də xəstələnib,

Nə yeyirsə, qaytarır.

Bayaqdan düz səkkiz dəfə

Aramışam baytarı.

Yağış da kəsmək bilmir ki,

Göyün şitliyi tutub.

Hey qapını cırmaqlayır,

Şimşəkdən qorxan itim.

Ona deyirəm, ay dəli,

Heç it də belə qorxar?!

Cavab vermir,məlul-məlul

Durub üzümə baxır.

Mesajlar da ara vermir,

Çatdırmıram heç kimə.

Həkim deyir sorunun var,

Vəkil deyir məhkəmən.

Birinə gülüş atıram,

Birinə “ok” yazıram.

Sevgilisindən ayrılan

Dostuma da lazımam.

 

Qoysam, bütün gün danışar,

Toksik partnyorundan.

Onu necə xilas edim,

O narsistin torundan?!

 

İş yoldaşım da dardadı,

“Boşsansa, ara “- yazıb.

Böyük qızım Kanadadan

“Neynirsən, ana?”-yazıb.

 

Boşalmasını gözləyir,

Dünəndən çamadanım.

Həllədeci oyunudu,

Sevdiyim komandanın.

 

Sən də bir yandan gəl deyib

Səbrimi daşdırırsan.

Bu qarışıq həyatımı

Niyə qarışdırırsan?

 

Görmürsən ki, yağış yağır,

Görmürsən, qaçaqaçdı?!

Bütün taksilər məşğuldu,

Bütün yollar tıxacdı.

 

Güclə birini tapmışam

Yarım saat göstərir.

Yox, o da mesaj göndərib,

İptal et, xanım, - deyir.

 

Sən allah, məni təntitmə,

Bu dəqiqə tapıram.

Bir çıxış yolu olmalı,

Məni sənə aparan.

 

Qoyub gəlmək istəyirəm

Bütün problemləri.

Nə zamandı unutmuşam,

Misalları, həlləri.

 

Qoy gözləsin, dost-tanışım,

İş yoldaşım, vəkilim.

Mən başımı itirmişəm

Sən bir taksi tap,gəlim.