Ayaz Arabaçı - Fikirləri oyadan hava ...
Saat bir olardı. Yəni gecənin biri...
Dəniz tərəfdən, Yaxta Klubdan çıxmışdıq. Dostumuz Faiq Balabəylinin ad günündən.. Söhbət uzanmış, stəkanlar da öz sözünü demişdi. Kefimiz ala buludda idi. Səsimizdə yumşaqlıq, addımlarında sərbəstlik, qəlbimizdə rahatlıq vardı.
Üçümüz idik, İlham Qazaxlı , mən, bir də İlqar Türkoğlu.
Dostlarla sağollaşıb piyada sahildən üz tutduq 28 tərəfə.
Yüngülcə çisələyirdi.
Elə yağışlı hava deyildi, adamı islatmayan, amma fikirləri oyadan bir hava idi. Dənizin duzlu iyi asfaltın yaş qoxusuna qarışmışdı. Uzaqda işıqlar titrəyirdi. Küçələr adamsızdı.
İlham həmişəki kimi zarafat edirdi.
Yol uzandıqca söhbət dəyişirdi.
Əvvəl ad günündən danışdıq. Sonra dostlardan. Ad günündə baş verən məzəli əhvalatları xatırlayıb gülüşdük.
Bir yerdə dayandıq.
Dənizə tərəf baxdıq.
Birdən İlham dedi:
Maraqlıdır e... İndi kimsə bizi uzaqdan görsə, deyər üçü də keflidi.Dünya veclərinə deyil.
Gecə də bizimləydi, o yüngül çisək də..
Gəlib 28-ə çatanda saat bir az da gecənin dərinliyinə işləmişdi.
İşıqlar yanırdı, uzaqlardan maşın səsləri gəlirdi, havada isə o xırda çisəyin sərinliyi qalırdı.
Elə həmin vaxt İlham Qazaxlı dayandı, əllərini cibinə salıb dedi:
Gəlin buralarda bir yerdə adama əlli- əlli də vuraq, sonra gedərik...
İlqar Türkoğlu da çox düşünmədən:
- Yaxşı olar... Gecənin biri bir ildir, dedi..
Mən-
kənddən yuxa, bal, bir də qaymaq göndəriblər. Gündüz əlimdə gəzdirməyim deyə qoymuşam Köhnə Bakı restoranına. Gedək ora. Əlli-əllini də orda vurarıq.
Bir-birimizin üzünə baxdıq.
Əslində heç birimizin xüsusi planı yox idi. O gecə plan yox, ovqat gecəsi idi.
Üz tutduq Köhnə Bakıya.
Şəhərin gecə havası tamam başqa olur. Küçələr genişlənir, səs-küy azalır, adam özünü başqa bir məkanda sanır. Rsetorana tərəf yönəldik,gecənin son müştərilərindən idik.
İçəridə necə deyərlər,papiros tüstüsü,siqar dumanı at oynadırdı.
Qapının ağzında əyləşdik,qapını da aralı qoyduq ki,hava dəyişsin.Hərçənd ki,özümüz də tüstülədirdik..
Ofisianta dedim ki,gündüz burda qoyduğum bağlamanı gətir.
Bağlamanı açan kimi kəndin qoxusu yayıldı.
Kənd yuxasının canına hopdurduğu unun və sacın iyi... Balın tanış ətri... Qaymağın doyulmaz ləzzəti...
İlham bir an susdu.
Sonra dedi:
Bu şəhərdə bu gecədə bundan böyük nemət yoxdur.
Bir az əvvəl asfalt,neft və dəniz qoxuyan gecə indi kənd qoxuyurdu.
Bir tikə yuxa, bir qaşıq bal, bir qaşıq qaymaq..
O vaxtlar hələ o məşum kovid bəlası gəlib bu tərəflərə çıxmamışdı. Şəhər gecələr nəfəs alırdı. Restoranlar gec bağlanırdı, insanlar vaxtı saatla yox, kef-damaqla ölçürdü.
Köhnə Bakı da səhərə qədər işləməyindəydi..
Yerimizi elə seçmişdik ki, həm küçə görünürdü,həm də təmiz hava gələ bilirdi.
Çöldə yağış getdikcə güclənirdi.
Küçə işıqları yaş asfaltın üzərində uzanıb gedirdi. Arabir maşın keçir, təkərlərin altından su sıçrayırdı.
İlqar qapıdan çölə baxıb gülümsədi.
Dedi:
-Abi... əsil vurmalı havadı...
İlham da çox gözləmədi.
Əl elədi ofisianta:
İki lülə,iki tikə bir araq.
Bir azdan masa tamamlandı.
İsti kababın qoxusu gəldi.
Ardınca bir dənə Stoliçni araq gəlib durdu İlqarın əmrinə müntəzir..
Badələr düzüldü.
Kimsə tələsmirdi.
İlham stəkanlara araq süzdü.
Elə bu vaxt...
Qapının o biri başında bir kölgə göründü.
Sonra o kölgə adam oldu.
Su içindəydi.
Saçları alnına yapışmışdı. Gödəkçəsinin rəngi bilinmirdi. Ayaqqabıları su buraxırdı. İçəri girəndə elə bil özü ilə küçənin soyuğunu da gətirdi.
Adam özünü bir az tərəddüdlə, bir az da məcburiyyətlə içəri təpmişdi.
Düz bizim masaya tərəf baxdı.
Ofisiant onu görən kimi əsəbiləşdi.
-Çıx! Çıx! Rədd ol! Bura sənlik deyil!
Adam heç nə demədi.
Sadəcə dayandı.
Bir anlıq elə göründü ki, nə yağışdan qaçıb, nə yeməyə gəlib.
Elə bil harasa yox, kiminsə yanına gəlmişdi.
Ofisiant yaxınlaşıb onu qapıya tərəf sıxışdırmaq istəyəndə səsləndim:
İşin olmasın...
Ofisiant dayandı.
Mənə sifət eləyib çəkilib getdi.
Adam bizə yaxınlaşdı.
Suyu döşəməyə damırdı.
Mən üzümü ona tutdum.
Bir az gülümsədim. Rüstəm Behrudinin məşhur misrasını xatırlayıb dedim:
Talemi göndərdi... özünmü gəldin?..
Və adam ilk dəfə başını qaldırıb üzümüzə baxdı.. bir xeyli susdu.
Elə bil nəfəsini içində yığıb saxlamışdı.
Sonra dərindən nəfəs alıb, gözlərini bir anlıq masanın üstünə endirib asta səslə dedi:
- Məni hüzuruna bu dərd gətirdi...
Səsində nə pafos vardı, nə də üzündə yazıq görünmək istəyi.
İki bənd şeirdən dedi.Sonra təkrar elədi..
Saklam dar ağacı,əleykümsalam.
Dedi və susdu.
Adam masanın üstünə ağır bir şey qoymuş kimi oldu.
İlham mənə baxdı.
İlqar siqaretini yandırdı.
Çöldə yağış daha da sərtləşmişdi.
Mən qarşımdakı su üçün nəzərdə tutulmuş iri stəkanı götürdüm. Maraqla, bir az da zarafat qarışıq araqla doldurdum. Stəkan işığın altında mənə elə görünürdü ki, elə bil içinə gecənin özünü doldurmuşdum.
Sonra isti lüləkabablardan birini götürdüm.
Yuxanın arasına bükdüm.
Əlimlə ona uzatdım.
Adam əvvəl yeməyə baxdı.
Sonra mənə.
Sonra yenə yeməyə.
Elə bil çoxdan idi kimsə ona nəsə uzatmamışdı.
Sakitcə aldı.
Arağa baxdı.
Dedi:
İki dəfəyə içəcəm...
İlham soruşdu
- Niyə?
Adam başını yellədi.
Dedi:
-Birinci qurtum bədəni isidir. İkinci qurtum adamı.
Stəkanı qaldırdı,yarıyacan içdi,dodaqlarını yaladı.
Ona uzatdığım kababı yavaş-yavaş çeynədi.
Sonra ikinci dəfə stəkanı boşaltdı.
Bu dəfə gözlərini yumdu.
Bir neçə saniyə heç nə demədi.
Sonra əlini sinəsinə qoyub dedi:
-Üç gündür isti yemək yemirdim...
Bu cümlə yemək stolumuzun üstünə ildırım kimi düşdü.
Araya ağır bir sükut çökdü..
İlqar siqaretin tüstüsünü çölə verdi.
İlham qabağındakı dolu badəyə baxırdı.
Mən isə fikirləşirdim...
Adamı bəzən restorana kef gətirmir.
Bəzən dərd gətirir..
Çöldə yağış yenə öz işi ilə məşğul idi. İçəridə siqaret tüstüsü ağır-ağır tavana qalxırdı. Arağın qoxusu, kababın iyi, yaş paltarın nəmliyi bir-birinə qarışmışdı.
Mən üzümü İlqara, sonra İlhama tutdum.
Dedim:
- Cibinizi tökün stola. Sözüm var.
İkisi də üzümə baxdı.
Soruşmadılar.
Nə qədər içmiş olsaq da, dostluğun qəribə qaydaları olur. Bəzən izah istəməz.
İlham cibinə əl atdı.
Bir xeyli pul çıxarıb masanın üstünə qoydu.
İlqar da sakitcə özündəkiləri çıxardı.
Mən də cibimdə nə vardı qoydum ortaya.
Pul masanın üstündə qarışdı.
Kimsə hesablamadı.
Kimsə saymadı.
Bir az ayırdım.
Bir hissəsini götürüb adama uzatdım.
Dedim:
-Al. Bunlar sənindi.
Adam əvvəl pula baxdı.
Sonra mənə.
Sonra yenə pula.
Əlini uzatmadı.
Elə bil nə baş verdiyini anlamırdı.Sonra gözlənilmədən gülümsədi.
Amma o gülüş sevincə oxşamırdı.Tərəddüdü sona çatanda sakitcə əlini uzatdı.
Bir neçə saniyə ovucunun içində saxladı.
Üzündə qəribə bir ifadə yarandı nə sevinc idi, nə kədər.
Sonra başını qaldırıb dedi:
-Yenə şeir deyim?..
İlqar gözünü qıyıb gülümsədi.
Dedi:
-Abi, yola sal getsin... Yoxsa bu şeir deyə-deyə bizdə pul qoymayacaq.
Hamımız güldük.
O gülüşdə həm içkinin yüngüllüyü vardı, həm də bir az əvvəl masaya çökən ağırlığın dağılması.
Mən stuldan qalxıb onu qapıya tərəf ötürdüm.
Qapının ağzına çatanda dayandı.
Bir anlıq üzümə baxdı.
Sonra qəfil əlimə tərəf əyildi.
Əlimi öpmək istədi.
Yüngülcə çəkdim.
Dedim:
Lazım deyil...
Bir anlıq gözümə baxdı.
Sanki demək istədiyi başqa sözlər də vardı.
Amma demədi.
Sadəcə asta səslə dedi:
Sağ ol, qardaş...
Sonra çevrilib çıxdı.
Çöldə yağış artıq tamam güclənmişdi.
Sarı küçə işıqlarının altında yağış elə görünürdü ki, sanki göydən su yox, yorğunluq yağır.
Adam gödəkçəsinə sarıldı. Pul olan əlini sinəsinə basdı.
Bir neçə addım getdi.Sonra dayanıb geri çevrildi.
Uzaqdan əl elədi.
Bir az sonra seçilmədi.
Elə bil heç gəlməmişdi. Mən qayıdıb masaya oturdum.
İlham badəni qaldırdı.
Dedi:
- İçək...
Soruşdum:
-Nəyə?
Bir az düşündü.
Sonra dedi:
-Bizim hələ bir-birimizi tanıya bildiyimiz günlərə...
Badələri vurduq.
Araq əvvəlki kimi idi.
Kabab da.
Yağış da.
Amma nəsə dəyişmişdi.
Mənə elə gəlirdi ki, biz bu gecə bu restorana ona görə gəlmişdik ki,kimsəsiz bir adam bizə qardaş desin..