Ölkəmiz özünü kənd təsərrüfatı məhsulları ilə təmin etməlidir" - Tahir Rzayev, millət vəkili
Artıq öz təsdiqini tapmış 2026–2030-cu illər üçün Dövlət Proqramında kənd təsərrüfatının çox mühüm inkişaf istiqamətləri və perspektivləri özünü əks etdirir.
Yenisesə. az bildirir ki, bu barədə Milli Məclisin deputatı Tahir Rzayev danışıb. O vurğulayıb ki, prezident çıxışında qarşıya çox ciddi vəzifələr qoyur. Başlıca vəzifə kənd təsərrüfatının rolunun yüksəldilməsi, məhsuldarlığın artırılması, insanların kənddə məskunlaşmasının təşviqi, şəhərdən kəndə dönüşün təmin olunması, texnikadan, sudan, mineral gübrələrdən və digər təbii ehtiyatlardan səmərəli istifadə edilməsidir.
Eyni zamanda, təsərrüfata dövlət dəstəyinin və subsidiyaların təkmilləşdirilməsi, elmi-texniki nailiyyətlərin və müasir texnologiyaların tətbiqi, bütün sahələrdə intizamın möhkəmləndirilməsi həm çıxışda, həm də proqramda öz əksini tapıb.
“Cənab Prezident qeyd edir ki, gələcəkdə ölkə özünü kənd təsərrüfatı məhsulları ilə təmin etməlidir. Bu, qarşıya qoyulan ən vacib vəzifələrdən biridir. Çünki məhsuldarlığın yüksəldilməsi sayəsində bu məqsədə nail olmaq mümkündür. Buna görə də Prezident taxılçılıqda məhsuldarlığın 50 sentnerə, pambıqçılıqda isə 50 sentnerə çatdırılmasını, heyvandarlıqda artımın təmin edilməsini, müasir suvarma texnikalarının tətbiqini, idxal-ixrac prosesinin normallaşdırılmasını vacib hesab edir. O, müasir tələblərə cavab verən kənd təsərrüfatının formalaşdırılmasını və inkişaf etdirilməsini zəruri sayır”-deyən deputat vurğulayıb ki, ölkə rəhbəri reallıqlara əsaslanan faktlar irəli sürərək gələcəkdə kənd təsərrüfatında əsaslı dönüşün yaradılmasını vacib hesab edir və bu sahəyə əlavə maliyyə vəsaitlərinin ayrılmasına şərait yaradır. Proqramın həyata keçirilməsi üçün 6 milyard manata yaxın vəsaitin ayrılması, eləcə də 3 milyard manat investisiyanın cəlb olunması nəzərdə tutulur. Prezident özəl sektorun inkişafının da vacibliyini xüsusi vurğulayır.
Deputat hesab edir ki, bu gün ölkə rəhbərinin çıxışından irəli gələn vəzifələr, eləcə də Dövlət Proqramında nəzərdə tutulan müddəalar aidiyyəti qurumlar tərəfindən geniş şəkildə təbliğ və təşviq edilir. Milli Məclisin də bu sahədə üzərinə mühüm vəzifələr düşür. Bu məqsədlə dünən üç komitənin birgə iştirakı ilə Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə Milli Məclisdə geniş dinləmə keçirilib. Dinləmənin əsas məqsədi ölkə rəhbərinin çıxışında qarşıya qoyulan vəzifələrin, proqramda öz əksini tapan müddəaların əhaliyə çatdırılması, onların təbliği və inkişafın gələcək istiqamətlərinin göstərilməsindən ibarət olub.
“Kənd təsərrüfatı iqtisadiyyatın əsas sahələrindən biridir və təsadüfi deyil ki, bu sahə milli təhlükəsizliyin mühüm komponenti kimi qiymətləndirilir. Çünki ərzaq təhlükəsizliyinin təmin olunması, insanların həyat şəraitinin yaxşılaşdırılması və gəlirlərinin artırılması bilavasitə aqrar sektorun inkişafı ilə bağlıdır-deyən deputat bildirib ki, dövlət proqramı mühüm strateji sənəddir və həmin sənəddə əksini tapan müddəaların beş il ərzində həyata keçirilməsi kənd təsərrüfatının inkişafına böyük təkan verəcək.”-deyən deputat bildirib ki, belə olarsa ölkəmiz özünü əsas kənd təsərrüfatı məhsulları ilə təmin etmək imkanlarını daha da genişləndirəcək.