Şahnaz Şahin - O qapıdan külək gəlir
O qapıdan külək gəlir
Bu qapı soyuq götürür...
Əlimdən sürüşən payız
Ömrümü girov götürür..
A saçları bəyaz anam,
Saçımı qırov götürür..
Çöldə çölümüz dəyişir ,
Bağda gülümüz dəyişir..
Sağımız, solumüz dəyişir
İçimi alov götürür...
Dənə-dənə üzülürük,
Torpaq üstə düzülürük.
Köhnəlirik...süzülürük.,
Cismimiz yamaq götürür..
Ağ çalmalı mələk gəlir,
Bir ayağı yüyrək gəlir..
O qapıdan külək gəlir
Bu qapı soyuq götürür..
Candı də..
şirindi şirin,
Yarası dərindi, dərin..
Sən də gedənlərdən biri..
Çiynimiz yolu götürür...