Rəfail Tağızadə - Şəhərim

Ədəbiyyat 18:20 / 21.11.2026 Baxış sayı: 634

 

Dünənim, sabahımsan,

Varımsan, olanımsan,

Mənimlə qalanımsan,

Hər daşı sirr şəhərim,

Tütyəm, pir şəhərim,

Sən mənim hürr şəhərim.

Dosta qucaq açanım,

Oğlu qoçaq olanım,

Başı bəlalar çəkən,

Adı tarixdə keçən,

O çağ, bu çağ şəhərim,

Mənim qədim şəhərim,

Mənim bəxtim şəhərim,

Mənim taxtım şəhərim.

Elin hər harayına

Anında qarışansan,

Bir qıyğacı baxışa

Coşansan, alışansan,

Mənim mərdlər şəhərim,

Mənim əhdlər şəhərim,

Bir az da sərt şəhərim.

Sən xanlar İmarəti,

Dühalar səltənəti.

Qarabağın döyünən

Ürəyisən, səsisən,

Sən muğam nəfəslisən,

Mənim səda şəhərim,

Mənim əda şəhərim

Mənim Ağdam şəhərim.