Aida  Adıgözəlin  ŞEİRLƏRİ

Ədəbiyyat 17:35 / 22.11.2026 Baxış sayı: 621

Tanış hekayələr

Sənlə rastlaşanda payız gəlmişdi,

sənin saçlarına nə qədər qırov,

mənim gözlərimə sazaq düşmüşdü.

Biz üşüyürdük.

İkimiz ağ saçlı, gözü eynəkli,

soyuqlar düşəndə canı ağrıyan,

ümidsiz sevgidən qəlbi göynəkli...

Biz tanış idik.

Bəlkə şeir idi bizi bağlayan,

bəlkə misraların tilsimindəydik,

bəlkə sözlər idi bərk əfsunlayan...

Biz sözə aşiqdik.

İndi qarşımızda bir fincan tünd çay,

gözümüz yumulu, barmaqlar qatdaq,

görüş günümüzü hesabla, say, say...

Biz darıxırdıq.

Qarışmış bu ara biraz duyğular,

pərdə arxasında qara kölgələr,

ortalıq qarışıb, artıb qayğılar...

Biz uzaqlaşırdıq.

Özündən qaçış

Bir gün yıxılarsan ürəyin üstə,

acı etirafdan -"sevmirəm səni"...

O gündən taparsan dərdi, kədəri,

canından çıxmayan qəmi - qüssəni.

Və

anlarsan -

sevmək də dəhşətmiş, sevilməmək də.

Sınıb dağılarsan qaranlıqlara,

hər qırıq bağrında min yara açar,

inamın yıxılar, güvənin itər,

hər gün şübhələrin min yana qaçar.

Və

anlarsan -

unudulmaq dəhşətmiş, unutmamaq da.

Özünü aldadıb inandırmağa,

tapıb yapışarsan saman çöpündən,

ömrün uzadarsan xəyallarının,

çıxmaq istəməzsən yalan gölündən.

Və

anlarsan -

getmək də dəhşətmiş, gedəmməmək də.

Uduzmaq ağırmış, həzm etmək çətin,

ölmək istəyərsən dəyərin üçün,

bir gün inanarsan demə dəyməzmiş,

səni düşünməyən birisi üçün.

Və

anlarsan -

ölmək də dəhşətmiş, öləmməmək də.

Ölümün dadı

Dadları yoxlamaqla başladı hər şey...

ilk şirin dadlar cazib gəldi.

Əvvəl sevilməyi, sonra sevməyi,

sonra sevişməyi öyrəndim.

Sonra acı-turşməzə

dadların növbəsi çatdı,

əvvəlcə xəyanət,

sonra ayrılıq...

Sonra ağrıların zamanı gəldi,

əvvəl arzuları gömdüm könlümdə,

sonra xəyalları yelə sovurdim.

Sonra birdən-birə

Ölü dənizə düşdüm,

hər şey şor dadmağa başladı,

əvvəl göz yaşları,

sonra da həyat...

Sonra tənhalığın bomboz sifəti

özünü göstərdi hər addımında.

Və bir gün

çoxdan böyüdüyümü anladım.

Anladım ki,

bircə dad qalıb dadmadığım,

ÖLÜM dadı...

Hamı getdi, hər kəs...

Təkcə biz qaldıq, ikimiz,

nə getməyə yerimiz,

nə qalmağa evimiz.

Öz kölgəmiz var sadəcə, -

bizi gizləyən...

Xatırla

Məni belə xatırla -

son ada xatirəsi,

bir naşı qayıqçının

yarım qalan həvəsi.

Məni belə xatırla -

qara, dəli qız kimi,

yavanlıq çörəyinə

son səpilən duz kimi.

Məni belə xatırla -

ruhunun son günahı,

qoca, kor balıqçının

dənizlə vida ahı...

Məni belə xatırla -

tez - tez küsən, inciyən,

hər baxışa qısqanıb,

kimsəylə bölüşməyən...

Məni belə xatırla -

gözünə çək şəklimi,

elə o cür də saxla,

bu qədər bəsindimi?

Sonet

Zəhərlənmiş çiçəklərin öpüşü acı dadır.

Dodaqların dərilməsini istəyən gilas kimi...

Arıların qanı qara, qonmağa çiçək tapmır.

Ağacların öpüşmək həsrəti...külək dərdimi?

Səssizliklər qımışır gecənin lal sükutunda.

Saçlarının qara kölgəsi, ay nazlı, utanmış.

Sözləri var deməyə gecənin hülqumunda.

Buludlarla üzünü örtmüş ağ gəlin- batmış.

Xəyanətın dadı acı, böcəkləri unutma.

 

Qırılmağı düşündünsə küləkləri oyatma.

Ayrılığın boz əlləri günahkar budaqdır.

Gecələrin sevişmək sevdası - aya vurulmuş.

Ulduzlarsa gizlincə ayla görüşmüş, sarılmış.

Kainatın əbədi qanuni sevmək- əzab və haqdır.