Kəmalə Abiyeva Aydın qızı - BU DÜNYANI NAĞIL BİLƏK
Musiqisi Aygün Səmədzadənindir
Dindi yenə xatirələr,
döndüm yenə o günlərə.
Istədim ki, əvvəlki tək
tutum sənin əllərindən.
Gözümüzdə, könlümüzdə
neçə arzu, neçə istək
xumarlanaq xoşbəxtlikdən,
bu dünyanı nağıl bilək…
Dindi yenə xatirələr…
Döndüm yenə o günlərə…
İstədim ki, hara getsəm
yenə məni izləyəsən.
O ağacın kölgəsində,
o küçənin döngəsində
yenə məni gözləyəsən.
Həmin küçə, həmin şəhər,
döndüm yenə o günlərə.
İstədim ki, geri dönəm,
Qaynar gözlərini görəm,
baxışlarından titrəyəm.
İstədim ki, bu yollarda
yenə mənə rast gələsən,
guya elə sən də burdan
keçirmişsən təsadüfən.
Sən… Mən… Bir də xatirələr…
Həmin küçə, həmin şəhər.
Bilirəm ki, hara getsəm,
yenə məni izləyirsən.
O ağacın kölgəsində,
O küçənin döngəsində
yenə məni gözləyirsən.
Bilirsən ki, gələcəyəm,
Bu dünyanı yenə nağıl biləcəyik.