Sevəcəm yenə - yazdı Şövkət Zərin Horovlu.
Mən səni bahartək sevəcəm, yenə,
Sənə sevgi -sevgi axacam yenə.
Sənin əllərinlə yaz çiçəklərin,
Dərib saçlarıma taxacam yenə.
Səni arzu kimi sevəcəm elə,
Arzunun nə həddi, nə sərhəddi var.
Uçur uzaqlara özündən qabaq,
Sevgi dünyasına çatır arzular.
Mən səni xəyaltək sevəcəm elə,
Xəyalda vüsalın ayanlığı var.
Hərdənbir gözümə sənin yerinə ,
Görünən xəyalın hayanlığı var.
Uzaqlarda qaldı ondakı çağlar,
Hər yanı tutardı sevgi qoxusu.
Qovub üstümüzdən qaranlıqları,
Quynuna alardı eşqin yuxusu.
Çoxda saçlarımı bəyazlıq alıb,
Çox da xəzan düşüb ömrün izinə.
Yazyaşıl illərim ötüb keçsə də,
Mən səni bahartək sevəcəm, yenə.