Könül Nuriyeva -  Ləyaqət, alicənablıq və dürüstlük

YAZARLAR 09:33 / 16.06.2026 Baxış sayı: 497

Ləyaqət, alicənablıq və dürüstlük — bunlar sonradan qazanılan xüsusiyyətlər deyil, insanın mayasında olanlardır. Bu səbəbdən, "mən əvvəllər yaxşı idim, kiməsə və ya nəyəsə görə dəyişdim" düşüncəsi özünə bəraət qazandırmaq cəhdindən başqa bir şey deyil. İnsan əslində dəyişmir, sadəcə, içində gizli olan meyillərini üzə çıxarır. Əgər bir insan yolundan dönürsə, demək ki, onun fitrətində, genetik kodunda o dəyərlər heç vaxt kök salmayıbmış.

Söhbət o zaman ahəng və harmoniya içində olur ki, tərəflərin hər ikisi bu ünsiyyəti eyni səmimiyyətlə arzulayır. Bu, uğurlu dialoqun birinci şərtidir. Zövq bənzərliyi — filmlərə, musiqiyə və ya incəsənətin hər hansı sahəsinə olan ortaq maraq isə ikinci şərtdir.

Söhbətin uzunluğu və ya qısalığı, ciddi və ya zarafatyana olması, canlılığı və ya sönüklüyü əvvəlcədən planlaşdırıla bilməz; bu, hesablanmış bir proses deyil. Söhbət müqəddəsdir və onu az adamla yaşamaq qismət olur. Ən gözəl söhbət isə bitdikdən sonra belə davam etməsini istədiyindir. O söhbətin yaşatdığı xoş ovqat gələcəkdəki daha dərin, daha ləzzətli dialoqlar üçün atılmış ən uğurlu təməl daşıdır.

Bəzən sözümüzün tutduğu, dadlı-dadlı söhbətləşdiyimiz o insan, bizə ailə üzvlərimizdən daha isti, daha doğma gəlir. Hətta bunu dərk etməsək və ya özümüzə etiraf etməkdən çəkinsək belə, həqiqət budur.