Milli İncəsənət Muzeyində GÖRÜŞ
Azərbaycan Milli İncəsənət Muzeyində Beynəlxalq Sivilizasiyalararası Dialoq Gününə həsr olunmuş dəyirmi masa keçirilib
Azərbaycan Milli İncəsənət Muzeyində Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva və Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Meyin iştirakı ilə dəyirmi masa təşkil olunub.
Dəyirmi masada Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri, jurnalistləri, beyin mərkəzləri, mədəni irs, ənənəvi sənətkarlıq və yaradıcılıq sənayeləri istiqamətində fəaliyyət göstərən qurumların təmsilçiləri, Çin üzrə ixtisaslaşmış mütəxəssislər iştirak ediblər.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin iki ölkənin strateji tərəfdaşlığının genişləndirilməsinə mühüm töhfə verdiyi vurğulanıb.
Qeyd olunub ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr Azərbaycan ilə Çin arasında qədim İpək Yolunun formalaşdırdığı tarixi-mədəni bağların yeni məzmunla zənginləşməsinə xidmət edir.
Tədbirdə Azərbaycan–Çin əlaqələrinin inkişafının perspektivləri, xalqlar arasında dialoqun gücləndirilməsində incəsənətin rolu və birgə əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin, tədbir çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində nümayiş etdirilən ekspozisiyalara - Çin incəsənəti nümunələrinə baxış keçirilib.
Qonaqlara muzeyin kolleksiyasında qorunan Şərq incəsənətinə aid nadir eksponatlar, onların tarixi və bədii xüsusiyyətləri barədə ətraflı məlumat verilib.