Sabir  Zəkullaoğlu - Tərifdən Allahın da xoşu gəlir.

Gündəm 09:33 / 17.06.2026 Baxış sayı: 764

Tərifdən Allahın da xoşu gəlir. Deyir, gündə beş dəfə dur mənim qarşımda, mənə baş əy və de ki, səndən ədalətli, səndən rəhimli, səndən böyük yoxdur.

Doğrusu, mənim də tərifdən xoşum gəlir. Amma etiraf edim ki, haqqımda tərif eşidəndə bir az utanıram. Çünki tərif elə bir şeydir ki, orada həmişə müəyyən qədər mübaliğə olur. Mən isə o qədər də tarana gedən adam deyiləm. Yerini bilən adamam.

Əlqərəz, keçək mətləbə.

Bizim cəmiyyət kimi formalaşmağımızda sosial şəbəkələrin danılmaz rolu var. Bəzən heç kimin tanımadığı, ölkənin ucqar bir kəndində yaşayan insanın necə böyük istedad sahibi olduğunu məhz sosial şəbəkələr vasitəsilə öyrənirik. Bu, həyatın bütün sahələrinə aiddir.

Şəxsən mən sosial şəbəkələr sayəsində Azərbaycanın müxtəlif bölgələrindən olan bir-birindən dəyərli insanlarla tanış olmuşam. Bu insanlar mənim ən böyük sərvətimdir.

Əslində, Azərbaycanın ən böyük sərvəti də elə onun insanlarıdır.

Düşünürəm ku, bu sərvətin ən qiymətli təbəqəsini müəllimlər təşkil edir. Bu gün haqqında danışmaq istədiyim insan da Azərbaycanın dilbər guşələrindən birində müəllimlik edən Ümmü Süleymanovadır.

Ümmü müəllimə Şəki şəhərində riyaziyyat müəllimi kimi fəaliyyət göstərir.

Riyaziyyat isə dəqiqlik, punktuallıq və konkretlik tələb edən bir sahədir. Bu xüsusiyyətlər özlüyündə həm də ədalətin təməl şərtləridir. Elə buna görə də müəllimin verdiyi qiymət ən obyektiv qiymətləndirmə hesab olunur.

Təbii ki, hər hansı bir əsəri və ya hadisəni dəyərləndirmək üçün təkcə istək kifayət deyil. Bunun üçün bilik, savad və dünyagörüşü lazımdır. İnsan bilmədiyi sahə haqqında sağlam hökm verə bilməz.

Ümmü müəllimə təkcə peşəkar riyaziyyatçı deyil, eyni zamanda ədəbiyyatı dərindən bilən, istedadlı şair və gözəl nasirdir.

Ümmü xanım bir sıra yerli və beynəlxalq layihələrin qalibi olub. Güclü qələmi, zəngin mütaliəsi və uzun illərin pedaqoji təcrübəsi var.

Bir sözlə, hər hansı bir mətni obyektiv şəkildə qiymətləndirmək üçün lazım olan bütün keyfiyyətlər onda cəmlənib.

Bu səbəbdən Ümmü müəllimənin mənim “Əzizənin kinosu” adlı hekayəmi təhlil və təqdim etməsi məni həm qürurlandırır, həm də üzərimə əlavə məsuliyyət qoyur. Halbuki mən bu yazıları qələmə alarkən özümü daha sərbəst hiss edir, bəlkə də ən məsuliyyətsiz anlarımı yaşayıram.

Çox sağ olun, Ümmü müəllimə. Şəxsimə göstərdiyiniz diqqətə, ayırdığınız vaxta və verdiyiniz dəyərə görə. Minnətdaram. Mənim kiçik işimi böyük ekranda təqdim etməyiniz sizin böyüklüyünüzün və nəcibliyinizin göstəricisidir.

Ümumiyyətlə, insanı başqalarından fərqləndirən onun əxlaqı, savadı və dərin biliyidir.

Sizdə bu keyfiyyətlərin hər biri yüksək səviyyədə təcəssüm olunub.

Məqamınız həmişə uca, yolunuz daim işıqlı olsun, Ümmü müəllimə.