Sərraf Şiruyə - QARDAŞ
Ədəbiyyat
08:26 / 18.06.2026
Baxış sayı: 489
Pərdə-pərdə dilə gəlib, yaş töküb,
Saz məni ağladır, mən sazı, qardaş.
Min yol gədiklərdə saldı borana
Bəxtimə yazılan bu yazı, qardaş.
Neçə sözüm tellər üstə ad aldı,
Hər dodaqda bala döndü, dad aldı,
Kərəm ağlamadı, Kərəm od aldı
Əsli çəkəmmədi bu nazı, qardaş.
Sərraf Şiruyəyəm, tükənib dözüm,
Qəlbim qəm yuvası, qan ağlar gözüm.
"Var olsun məhəbbət" — bu, mənim sözüm
Bir də telli sazın avazı, qardaş.