Şakir Xanhüseynli - BU YAĞAN YAĞIŞ...

Ədəbiyyat 12:39 / 21.05.2026 Baxış sayı: 343

 

Sabir Rüstəmxanlıya

 

Heç kəsin, heç kəsin deyil bu yağış,

mənimdir, mənimdir bu yağan yağış.

Elə bil dil açıb deyir bu yağış:

qəlbinin yarasız harası qalmış...

 

Kim bilir nə zaman kim olacağam,

indidən canımı min qayğı almış.

Qürbətin qazancı qəm olacaqsa,

Vətənin bir ovuc qumuna alqış.

 

Araz qırağında o ağaca bax,

nə qədər nal səsi çəkib içinə,

bir xalqın naləsi çöküb içinə-

içinin oduyla yarpaqlayır o.

 

Qalxıb bir qayadan qıyya çəkimmi,

şair, qəlb deyənə bəzən baxmırıq.

Çaxıb şimşək kimi, ildırım kimi

niyə bu yağışdan əvvəl yağmırıq?