Əbülfət Mədətoğlu : - Məndən küsən sözdəki TƏNHALIĞIM
Ürəyimdən səssizlik keçir. Sakit, heç kimin olmadığı mobil, elektron, daha nə bilim nələr,nələr olmayan bir guşə... Sadəcə su şırıltısı, yarpaq, ot xışıltısı, bir də quşların səsi. Yetər ki, bunlar mənim ayaqda olduğumu, yaşadığımı, mövcudluğumu xatırlatsın.Yəni bunların mövcudluğu və mənim bunlarla təmasım artıq özü-özlüyündə yaşadığımı,düşündüyümü büruzə verir. Və mən də həmin o düşüncələri sadəcə indi xəyal edirəm,ürəyimdən keçirirəm ki, kaş, o sakit guşəni heç olmasa bir saatlıq haqq edə bilim,onu mənə bağışlasınlar... o bir saatlıq anı yaşamaq imkanı, dəstəyi versinlər...
Axı yaşananlar o vaxt şirin və yaddaqalan olur ki, onu xatırlayanda ürəyin ağrımır. Özündən, yaşadıqlarından,ümumiyyətlə, dünənindən incimirsən, küsmürsən,bezmirsən və dünəninə də, özünə də acımırsan. Bu mənada mənim dünənimdən incidiyim məqamlar heç də az deyil. Amma neyləyim ki, hər dəfə dizimə dəyən daşlar ağlımı özümə qaytarmır. Axırda dizim daşdan bezir, daş da dizimdən. Və hər ikisi"eh" edib başını bulayıb çəkilir öz işinin arxasına.
Buna görə də həm doğmalar, həm simsar olanlar, məni mənim kimi duyan sənin özün də hər dəfə məni qınayırsan, mənə nəsihət edirsən, məsləhət verirsən, ağıllı olmağa, özümü toparlamağa çağırırsan. Mən isə ağıllana bilmirəm. Deyəsən südlə gələn sümüklə çıxacaq axırda. Yəni normal, səmimi yanaşıb qayğı-diqqət ayırdığım insanın divarın o üzündəki mövqeyi, yanaşması, hətta açıqlamalar verməsi "qulağı" olan yerin yaratdığı fürsət hesabına çoxda gizlin qalmır, açılır üstü, bəlli olur hər şey. Bax, onda ürəyim ağrıyır, özümü qınayıram. Amma bu da bir an çəkir. Çünki mən təbiətən tamam fərqli baxmışam dünyaya.Bunun da əsas səbəbi müəllimlərim olub - həm məktəbdə, həm də həyatda. Hər zamanda onların öyrətdikləri, onlardan öyrəndiklərim əlimdən tutub və o sarsıntıları,o ürəyimə dəyənləri büküb bir kənara qoymaqda mənə kömək olublar. Və mən yenə öz yolumla, öz axarımla getmişəm, gedirəm... onlar da yenə öz axarlarıyla, öz yollarıyla gedirlər. Bu yollar kəsişən deyil. Bu yolların bəxtinə paralellik yazılıb. Ona görədə paralel olanın bir-birindən qurtulması üçün hansısa birinin sıradan çıxması lazımdı.Bu da Allahın ixtiyarındadı. Mən də Allahın işinə qarışmağı nə bacarmıram, nə dəbu barədə heç düşünmürəm də. Sizə də məsləhət görmürəm. İstəyirəm ki, bu həyatın bütün rənglərini, bütün çalarlarını gözünüzün önünə gətirib necə var elə qəbul edəsiniz. Reallığa, gerçəyə sığınasınız, onu önə çəkəsiniz, onun yanında olasınız. Bax onda görəcəksiniz ki,bu dünyanın "qara daş"ı göyərməsə də , üstündə ot göyərdir. Axı, iradə Allahındı! Hökm onundu!
Şəxsən mən bir az pafoslu, bir az böyük görünsə də, əlimi ürəyimin üstünə qoyub deyirəmki, bəli, məni necə, hardan vursanız da, onun ağrısı Allahımın və Sənin sayəndə bir məlhəm tapır. Və çəkilib bir təkliyə, bir kimsəsizliyə düşünürəm. Düşünürəmki, içimdəki təkliyin diktəsi də Tanrıdan gəlir.
Kədər bol, ağrı bol, qəm başdan aşır
Bu bolluq dəm verir, dəm , başdan aşır!..
Varım ,varidatım cəm, başdan aşır -
Bir az... yaşamağa ehtiyacım var!
Dünənim, bu günüm üst-üstə dağdı
Gül açan, bar verən, baxcadı, bağdı!..
Canım hərəkətdə , üzüm də ağdı -
Bir az... yaşamağa ehtiyacım var!
Əməlim ortada, sözüm yazıda
Göstərdim ədanı, çəkdim nazı da!
Xərclədim həmişə çoxu, azı da -
Bir az ... yaşamağa ehtiyacım var!..
Ürək sığmayanda sinə - qəfəsə,
Coşub dəlilər tək, gəlib həvəsə...
Bir çətir altında nəfəs- nəfəsə -
Bir az yaşamağa ehtiyacım var!..
Yurd salıb bir gizli fərəh içimdə
Fərəhə sarılsın gərək içim də!
Mən dua edirəm , fərəh üçün də -
Bir az yaşamağa ehtiyacım var!
***
Bu bir həqiqətdir ki, istəyimizdən asılı olmayaraq vaxt öz işini görür, fəsillər bir-birini əvəzedir. Deməli, yazın gəlişinə sevinən bəndə payızın nəfəsin duyduqca kövrəlməyə başlayır. Bu, obrazlı ifadə olsa da, daxilində bir gerçəklik hakimdi. Gerçəkliyi də insan özü yaradır, yəni biz özümüzüçün bunu normal bir şəkildə qəbul etmişik. Və ömrümüzün payızını elə saralan yarpaqlara bənzədərək yavaş-yavaş üzüqışa, özü də hardasa dirəşərək, tələsmədən getmişik. Bizim tələsib-tələsməməyimiz isə heç nəyə yaramayıb. Yenə təkrar edirəm:
- Zamanı durdurmaq mümkün deyil. Mən zaman ölçülərini heçnəyə bənzədə bilmirəm. Heç kimin ömürlüyünə uyğunlaşdırmaq gücüm də yoxdur. Bircə özümdən və sevgimdən başqa. Çünki sevgi bu zamanın özü boydadır. Onun mənimlə hər anımda və gerçək bir şəkildə təmasda olması danılmazdı. Dünənimdə də, bugünümdə də, əgər var olsam sabahımda da olacaq. Bu inamı mənə Tanrım verib. Bilirəm ki, Tanrının verdiyini d yalnız Tanrı ala bilər. Haqdan gələnin qarşısında bütün varlığımla dayanıb onu qarşılamaqla yanaşı onu yaşatmağı da bu günə qədər bacarmışam və…
Mən özümdən, sözümdən həmişə incik olsam da, bircə nöqtədə özümü də, sözümü də günahsız görürəm. O da səni düşünmək, səndən yazmaqdı. Deyə bilərsən ki, bütün yazdıqlarında varamsa, deməli məni düşünmədiyin an yoxdur. Bəli, bu həqiqətdir və elə həqiqə olduğuna görə sən də heç olmasa gününün, ayının, ilinin bir anın da məni düşün. Mənim nə çəkdiyimi, necə yaşadığımı dəyərləndir, mənə görə yox, özünə və sevginə görə…
Hə, gəlimli-gedimli dünyanın hər üzünü görüb tanıya-tanıya yaşlaşırıq və elə bilirik ki, sabah bugündən hansısa bir mənada bizim üçü daha yaxşı olacaq. Bu bir düşüncədi, bir istəkdi, bir xəyaldı. Gerçəkdə isə bizim istəklərimiz elə tumurcuq da solur, çiçək açmır. Bu, ümidsizlik deyil. Bu, mənim sənə çatdırmaq istədiyim duyğularımın bir ləçəyidi. Əgər oxşamaq, toxunmaq istəsən, aç əlini. Amma elə et ki, gözlərindən o ləçəyə şeh düşməsin…
…Ürəyindəkilərin səsini kağıza köçürə bilmirəm, rəsmini çəkməyə gücüm çatmır. Amma özümü cəmləyib indiki anda sənə bunu pıçıldayıram:
Ayağını şeh öpürsə
nə gözəl!..
Yanağını meh öpürsə –
nə gözəl!..
Saçlarına külək daraq,
Qələminə ürək varaq…
DilinəYar sözü yaraq –
nə gözəl!..
Baxışına Günəş çəpər –
Olub, alıb səndən təpər,
Baxışından o nur səpər –
nə gözəl!..
Varlığına səcdə varsa,
Səcdəgah Allah, həm yarsa…
Məni bu sevgi aparsa –
nə gözəl!..
Hə, mən bu yazını bilgisayara diktə edərkən elə bildimki, hardasa özüm daha tək deyiləm.... Amma yazıya nöqtə qoyanda gördüm ki, yenə mən səndəyəm. Özüm isə…tənha.
R.S. İnsan öz durumunu, öz gerçəkliyini və bir də içindəki sevgi və nifrəti göstərmək zorunda deyil. Yenə bir məqamdan başqa. Yəni artıq duyulmursansa, hiss olunmursansa,görünmürsənsə, onda hansısa bir formada öz haqqını göstərməyə məcbursan. Belə məqamda da görünməsən, onda qalır qarşı-qarşıya gəlmək. Bunu isə heç kimə arzu etmirəm. Ən yaxşısı sakit və anlayışlı şəkildə ömür payını yaşamaqdı...
Özü də , soruşmadan sən kimsən? Onda bu misraları oxuyun:
Mən bəlkə də heç kiməm
Bəlkə də sonuncu "ah”...
Bəlkə də bu dünyada–
Günahın özü günah!..
Əlim küləkdən tutub
Ayağım hava üstə...
Yer məni elə udub –
Gedir tay dava üstə...
Dözülməzdi tənhalıq
Dözülməzdi dörd divar...
Düşünün siz biranlıq –
Kimin lal, kar dərdi var?!
Bölüşmək çətinləşib
Qeyb olubdu isti söz...
Məni qüsul etməyin–
Məndən bezib –küsüb söz!...