Sabir Rüstəmxanlının “Göy Tanrı” (2005) əsəri  multikulturallzm elementləri kontekstində

YAZARLAR 09:24 / 21.05.2026 Baxış sayı: 345

 

Azərbaycan Xalq şairi Sabir Rüstəmxanlının “Göy Tanrı” (2005) əsəri də multikulturallzm elementləri kontekstində mühüm əsərlərdən sayıla bilər. Bu əsərdə türk dünyasının ortaq mənəvi kökləri vurğulanır, eyni zamanda başqa xalqlarla qarşılıqlı anlaşma və əməkdaşlıq ideyası da sezilir.

Əsərdə göstərildiyi kimi “Günəşin qızıl gözü güləndə” ta günbatan ölkələrindən tutmuş quzey ölkələrinin qırğız, altay zirvələrinə qədər bəyləri, xanları bir çadır altında birləşdirən Elin başı olan Qara xanın keçirdiyi qurultayda cəm olmuşdular. Ki, çoxsaylı türk oymaqlarından gələn el başçılarının dilində onların təhlükəsizliyinin, yaşayış tərzlərinin, düşmənlərə qarşı birgə mübarizə yollarının “xəritə”sini müzakirə etsinlər.

Burada yazıçı təkcə türk xalqlarının birliyi deyil, həm də insanlığın birgə yaşaması fikrini təbliğ edir.

Sabir Rüstəmxanlının “İnsan” şeiri də multikultural baxımdan insanın ümumbəşəri mahiyyətini mədəniyyətlər, dinlər və məkanüstü dəyər kimi təqdim edən dərin fəlsəfi-poetik mətndir. Şeir daşıdığı ideyalara görə qlobal humanizm və multikultural düşüncə ilə tam mənada uyğunluq təşkil edir.

Gündə bir xəbər gələ milyon işıq ilindən

Neçə dünyalar gəzsən, yenə də birdir insan.

Həm Tanrının övladı, həm Tanrının özüdür,

Gözünə mil də çəksən, yenə yerin gözüdür.

Dənizlər keçə-keçə özü sirr dənizidir

Yerdə göyün parçası, Göylərdə Yerdir İnsan…

Şairin bu fəlsəfəsi təsdiq edir ki, texnoloji tərəqqi, elmi inkişaf, müxtəlif sivilizasiyalar və mədəni mühitlər yüksək mənəvi keyfiyyətlərə malik olan insanın mahiyyətini dəyişmir. Multikultural baxımdan bu, aşağıdakı fikri ifadə edir: İnsan irqindən, dinindən, millətindən, coğrafiyasından asılı olmayaraq, eyni ontoloji və mənəvi dəyərə malikdir. Mədəniyyətlər fərqlidir, lakin insanın ləyaqəti vahiddir və bölünməzdir.

Məlumdur ki, xristianlıqda insanın “Tanrının övladı” olması, Şərq fəlsəfəsində və sufizmdə isə insanın ilahi nurun təcəssümü sayılması kimi ideyalar vardır. S.Rüstəmxanlı yaradıcılığı bu kimi fərqli dini-fəlsəfi baxışları poetik sintez halında təqdim edir.

Bu da o deməkdir ki, insan yalnız milli və ya dini kimliklə məhdudlaşmır, o, bəşəri kimliyin daşıyıcısıdır. Bu, müasir multikultural siyasətin əsas hədəfi olan bəşəri dəyərlər üzərində dialoq ideyasına tam uyğundur.

Xatirə Fərəcli