Adil Şirin - YA ALLAH
Düşdük bu yolların qara baxtına,
Yollar açılmadı, ya Allah, dedik.
Deyirlər söz çəkər, ay dost, vaxtına,
Qollar açılmadı, ya Allah, dedik.
Anadan doğulub gözü nəm olduq,
Ulduzlar altında bəxti kəm olduq.
Fələyə çox yaxın, çox məhrəm olduq,
Dillər açılmadı, ya Allah, dedik.
Bahar gəldi başı qarlı dağlara,
Bahar güldü bağçalara, bağlara.
Geri döndük o sevdalı çağlara,
Güllər açılmadı, ya Allah, dedik.
Adil, dumanlıdi yollar, dolaylar,
Kim səni haraylar, kim səni haylar.
Dəyişdi fəsillər, ötüşdü aylar,
İllər açılmadı, ya Allah, dedik.