Fərhad Tapdıqoğlu - Kəlamlar
Yaltaq adam pitraq kimidir.Vəzifəli adamın hər yerinə yapışır.
=
Qorxudan əsən ayaqlar başı dik saxlaya bilməz.
=
Mahiyyətindəki eybəcərlikləri gördüyün saxta parıltılar səni aldatmasın.
=
Yağış sanki ölən yarpaqları ( xəzəlləri) yuyub ,torpağa tapşırır...
=
Bir sağlam döyünən ürəyin arxasında sağlam kürək durur.
=
Gözlərinizin çəkdiyi yollar Sizi sevdiklərinizlə qovuşdursun.
=
Yarpaqlar da xəzəl olmamışdan rəngləri qızarır ,allanır,gözəlləşirlər,
insanlarda ölümqabağı olduğu kimi...
=
Var arxanda dayananlar: sənə arxa,dayaq ,kömək olanlar.
Bir də var arxanda gizlənənlər:hər an arxadan zərbə vurmağa hazır olanlar.
=
Tez-tez yuyunmaq çıxış yolu deyildir,tez-tez çirklənməyin qarşısını almaq lazımdır.
=
Əgər səndən asılacaqları varsa,sənin zəhlətökən ,məntiqsiz söhbətlərinə qulaq asıb ,hətta sənə xoş gəlsin deyə, hərdən gülümsəyəcəklər də...
=
Əsəbiləşən adama ağcaqanadın vızıltısı ,qırıcı təyyarənin səsindən daha güclü təsir edir.
=
Su kranından axan saf su əlimizi vurmaqla bir andaca çirkab suyuna çevrilir.
=
Dərinin hansı rəngdə olmağının heç bir fərqi yoxdur.Əsas odur ki,heç kimin yanında üzü qara ( "üzüqara ") olmayasan...
=
Hörmət və nəhəbbət qazanmaq da ,zirvəyə qalxmaq da nə qədər çətindirsə,orada yerini qorumaq,saxlamaq da o qədər çətindir.Çünki aşağı uçurumdur.
=
Əgər adın yaxşı insanlar sırasında çəkilirsə,birinci olsun,yaxud axırıncı olsun, fərq eləməz.
=
Həyatda sevinc də var,kədər də.Xeyir də var,şər də.Əsas odur ki,hər bir halda müvazinətini itirməyəsən...
=
Səmimiyyət qızıldan qiymətlidir,insanın bəzəyidir.Səmimiyyət insanda xoş aura yaradır.
=
Xoş sözlər,ani sevinclər
"ağrıkəsicidir",məlhəm deyildir dərd daşıyanlara...
=
"Təmiz cibin" sahibinin əlləri də təmiz olar,ürəyi də,vicdanı da...
=
İnsanın qulağı eşitməyə bilər...
Yerin qulaqları isə həmişə sazdı,sapsağlamdı...
=
Ağlın çevikliyi onun güclü olduğunun göstəricisidir.
=
Qadın nəvazişi,səmimiyyəti, təbəssümü ...kobud xasiyyətli,qaba kişini də yumşaldıb ,mum edə bilər...
=
Qocalığın qızıl qanunu:
"Heç kimə möhtac olmadan ,sağlam canla yaşamaq..."
=
Dərdə bürünüb,qəmin işığında yol gedirəm...
=
Əynin,əlin ,ayaqların yalın olsa da,ağlın ,düşünən beynin yalın olmasın.
=
Yer kürəsindəki okeanlar,dənizlər ,çaylar dünyaya gəlib ,sonra əbədi dünyaya köçənlərə ağlayanların göz yaşlarıdır bəlkə?!
=
Doğum evindən qucağına alıb,sevinə-sevinə evə apardığın övladın ,ağlaya-ağlaya səni çiynində son mənzilə apararsa,xoşbəxtlikdir.
=
Ağlın gücü qarşısında digər güclər zəifdir.
=
Ali təhsilli cənab olmaq alicənab olmaq deyildir
=
Paltarın palçığa batsa,yaxud ləkə düşsə,təmizləyərsən...
Mənəviyyatın ləkələnsə təmizlənməz.