Rəfail Tağızadə - Könlüm göy sevdasında

Ədəbiyyat 22:06 / 26.03.2026 Baxış sayı: 127

 

Doyub gündüzlərin çılpaqlığından

gecənin eşqiylə yoğrulacağam,

məni qanadına alan buludlar,

o bəyaz qoynunda doğulacağam.

 

Mənim ayaqlarım uçur bu yerdən,

bu yer, yer olmadı, yuva olmadı,

içində yatmadım, qapı açmadım

qaralan komalar oba olmadı.

 

Mənim qulağımda çay şırıltısı,

mənim qulağımda səma səsi var,

tutub əllərimdən məni aparan

"Segah"ın bir həzin, xoş nəfəsi var.

 

Düşər gözlərimə Ay işartısı,

göy ağ buludunu üstümə sərər,

ruhum bu gecənin qanadlarından

könlümə, köksümə xəyallar səpər.