Aida Adıgözəl- Metamorfoza

Ədəbiyyat 10:40 / 26.03.2026 Baxış sayı: 529

 

Doğulmaqla ölməyin arasında olan məsafəymiş ömür adlı körpü...

Şəkil olmaq üçün bir tək səbəb varmış - "ölüm"!

Fırladıram "Ömür kitabı"mın lent yazısını geri,

nə qədər tanış üzlər,

nə qədər zəhləmgetmişlər...

Dərindən nəfəs almaq istəyirəm,

nəfəs yerinə yanıqlı bir ah qopur itirdiklərimi xatırlayanda.

İlk ata nənəmi,

yaylığı müharibə qoxulu,

Ana çağırdığımız,

bir payız səhərində insultdan 82 yaşında ölən nənəmi...

Ölmədən öncə bizə gəlməyini

cibindəki konfetləri nəticəsi Ruslana verməyini, qohum evlərini son kəs gəzib

sanki vidalaşar kimi gedən ürəyi dörd övlad dağlı nənəmi xatırlayıram.

Sonra məni hönkürərək lampa başına fırladan ucaboylu kişini,

bir on səkkiz yanvar səhərində,

səkkizə on beş dəqiqə qalmış,

insultdan iflic olmuş

üç illik yataq xəstəsi,

ölən atamı xatırlayıram...

Atam deyib boynuna sarıldığım biri varmış demək haçansa.

Otuz üç yaşımda yetimliyimin başladığını

qəfil aldığım bu ölüm xəbərindən

güzgü qabağında durarkən

sürətlə ağaran saçlarımdan anladım...

Sonra könlümə girənləri düşünürəm,

içərisi tüstü-duman kimi qaynayan beynimin ağrılarla göynəyən son gücüylə.

Sevərək gedənlər,

tərk edərək çıxanlar,

üzdüklərim, darıxdıqlarım, darıxanlar...

Sonra "kəskin miokard infarkt" xəstəliyinin

adını eşitdim ilk dəfə,

iyirmi doqquz sentyabrda...

Mən ölüsünün başında ağlayan qadınlara

necə qibtə etdiyimi etiraf edimmi sizə?

Necə həsədlə,

həsrətlə seyr edib ürəyimdə - "sən bu anda bədbəxt yox,

dünyanın ən xoşbəxt qadını olduğunu

heç vaxt anlaya bilməzsən Qadın"

- demişdiyim oldu...

Çünki mən bu "xoşbəxtliyi" yaşamamışdım.

İyirmi dörd illik ömür yoldaşımın son anında

əllərindən tutub

başımı alnına söykəyib

səsim göylərə çatacaq qədər

göyərə-göyərə bağıraraq

nəşinin üstündə ağlaya bilməmişdim belə!

Mənsiz dəfn etmişdilər

ürəyi olmayan əclaf qohumları,

mənsiz!

Sən bu ağrını sinəyə çəkə bilməzsən Qadın,

bilməzsən!

Uzaqlarda,

ilğımın titrətdiyi üfüq toranlığında

xəyala dönən körpənin səndən uzaqlaşması qədərdir

analığı dada bilməmək...

Quşların çarəsiz baxışlarında

ilanın uca qayalıqlara dırmanıb

yumurtadan təzə çıxmış ətcəbalalarını yeməsini qışqıraraq seyr etməsi kimi!

"Ölü" adlı insanın morqa köçməsi üçün

tikilmiş yermiş demək ki reanimasiya!

Sənə son sözüm,

məni yadında saxla,

nəfəsimi, ruhumu, səsimi,

səni qucaqlayan qollarımı,

öpüşlərimi, bədənimin istisini,

utancaq baxışlarımı,

hər şeyi,

hər şeyi...

Bəlkə yüz əsr sonra yenidən rastlaşarıq bu dünyada,

adımı nə istəsən çağır,

lap elə,

lap elə

REİNKARNASİYA...