ƏLƏSGƏR ƏLİOĞLU -HANSI AĞ GÜNÜMDÜR...
Hansı ağ günümdür, mən gülüm axı,
Babəkin qılıncı qınından çıxmır.
Şəngülüm, Şüngülüm, Məngülüm axı,
Nədənsə, qurdların qarnından çıxmır!..
Bu torpaq ələklə ələnib tamam,
Kəpəyi qalıb...
Altı da, üstü də əllənib tamam,
Bir dünya düyünlü kötməyi qalıb.
Bizim baharımız, bizim yazımız,
Necə çiçəkləyib,
Qəlbə yatmayıb!..
Aşıb başımızdan "ağ qızıl"ımız,
Amma üzümüzü heç ağartmayıb.
Xəzərə demişik dənizdir, dəniz,
Məhəl qoymamışıq düzü hər işə.
"Dostluq" kəmərində axan neftimiz,
Düşmən qazandırıb bizə həmişə.
Qardaşlıq şüarı, birlik şüarı,
Bir sınıq,bir köhnə valmış sən demə.
Gözümüz görmüşdü çox dəllalları,
Torpaq dəllalı da varmış sən demə.
Əlindən getsə də qızılı, zəri,
Əyilmək bilməyib bu yurd heç nəyə.
Başına bəlaymış gözəllikləri,
Vətən buynuzundan düşüb tələyə...
Hansı ağ günümdür, mən gülüm axı,
Babəkin qılıncı qınından çıxmır.
Şəngülüm, Şüngülüm, Məngülüm axı,
Nədənsə, qurdların qarnından çıxmır!..
1993