Elməddin Nicat - ON İL QAYIT
On il tələsdiyin ağlıma gəlsə
Bir an gecikməzdim səni görməyə.
Belə tələsməklər sənlik deyilsə
Niyə gecikmirdin məni görməyə?!
Tələsib, gecikib hara çatdıq ki,
Bir ömrün yarısı boşuna keçdi.
Bizi sevindirən bir yaz günüydü
O da ümüdlərin qışına keçdi.
Deyirsən gecikdik, nəsə alınmaz
Araya çəkdiyin bu nə səddi ki?!
Bir dəli sevdayla əl-ələ tutub
Qaçıb keçməliydik bu sərhəddi ki!
Gəl daşı, qayanı tök ətəyindən
Sən mənsiz gedəsi deyilsən qayıt.
Bizi ayrı salan yol ayrıcına,
On il mən gələcəm, on il sən qayıt