NURHAFİZDƏN  YENI TƏRCÜMƏLƏR

Ədəbiyyat 17:13 / 09.05.2026 Baxış sayı: 272

 

Məmməd Xəlilov

(Rusiya YB-nin Yaroslavl bölməsinin sədri)

 

Mənim aulum

Uzaq səfərlərdən evə dönəndə,

Gördüm, evimiz də, dağlar da həmən.

Dünya dəyişmişdi, mənim deyildi,

Havanı, ölkəni başqa gördüm mən.

Yaz idi-otuz il əvvəlki kimi,

Gül-çiçək açmışdı dağ yamacları.

Köküylə tutmuşdu sərt qayalardan,

Aulun qaşında şam ağacları.

Dağlar da qocalır- mən də qocaldım,

Küçə dalanları olub mənə dar.

Doğmalar, dostlar da dağılışıblar,

Tənha yuxu görür xarabalıqlar.

Hər şey əvvəlkiydi, mən tanımadım,

Uzaqdan dalınca gəldiyim şeyi.

Daşlar yerindəydi səkidə, amma,

Gəzən ayaqlarım başqa şey deyir.

Boş idi tövlələr, pəncərələrin

Qatı boşluğundan qorxu yağır hey.

O qızıl çağların qəm skletiydi,-

Zaman da başqaydı, aul da ögey.

Qəlbimdə üşüyüb yad küləklərə,

Saydım yad küncləri soyuq həvəslə.

Sanırdım dağlarda ocaq taparam...

Kül kimi çökdüm mən kül qatı üstə.

Tövbə

Sağ ikən məhkumuq unudulmağa,

Əsirlik, görünməz əl ilə bəndli.

Bağışla, çöl boyu dolanan qoca,

Bir də tənbəlliyin yorduğu kəndli.

Yetim qəsəbələr,tənha nənələr,

Siz də bağışlayın bizləri, noolar!-

Dağıntı tozu və kədər dalında

Kol-kosa bələnmiş kənddəki yollar.

Dözülməz ağrının əzablarını,

Gücünüz çatarsa əfv edin barı.

Daxmalar-tirləri yarı çürümüş,

Xam qalmış çölləri, qəbristanlıqları.

Bağışla, ağlıçaş paytaxtım, Ölkəm,

Əzici dəbdəbə meylləri çək...

Kənarda hiddətdən yanır sifətlər,

Moskva, cəzamızı Allah verəcək...

 

Bəyaz gecə

Şimşək sürətiylə yox oldu hər şey,

Vaxt necə ötüşdü, düşmədi yada.

Xəyallar ağ fonda uçmasın deyə,

Oxuma, ay bülbül, gecə baxçada.

Tale yazısına çox inanmıram,

Yuxulu bir yalan görürəm onda.

Gecə heyvanının izinə düşüb,

Gedirlər səhərin sərt dumanında.

Səbəb yox möcüzə əks sədasına,

Ruh yorulub basdırmaqdan xəyalı.

Zülmətin bətnində gizlənib qalan

Heç nəyi geriyə qaytarmamalı.

Ömrün əzabı var yaz axşamında,-

Qəlbimlə təcrübəm yad olan yerdə.

Boş burax yaddaşı bu ağ gecədə,

Oxuma, ay bülbül, bağçamda bir də.

****

Kor adamın gözündə

Bütün dünya görünür...

V. Xodaseviç, ,,Kor”

Kipriyin əsməsi qalsın yadımda,

Ağla, ağla məni, sağ ikən barı,

Son sözü eşitmək istəyirəm mən,

Özümlə aparım son yalanları…

Daim hərarətlə andım alovu,

Ulduz soyuğuyla saldın sən şölə,-

Neynim, yuxuludur küçələr, parklar,

Arada əriməz buzlar var hələ.

Olanı danışdım pislik olmadan,

Bu təhqir, məzəmmət lazımmı indi?

Buz üstdə əks edən işığa baxıb

Birgə heyranlıqla gözümüz dindi.

Ağrılar böyüdü illər ötdükcə,

Onda əl çatmayan hələ çox şey var:

Balıqlar, donmuş çay, bir də çiçəklər,

Duman və çəhrayı rəngli yuxular.

İnan əriyəcək hər şey tezliklə,

Hər şey ilkinliyə dönər sonacan...

Ağla, ağla məni, hələ ki, sağam,

Ağla, ağlamağı unudanacan.

 

Tətil romantikası

Çiynimə söykəyib yanağını sən,

Dedin pıçıltıyla,- Mənimlə danış.

Axşamlar kimsəsiz, sakit parkda,

Çiçək iyi dolu hava da tanış.

Sənin gözlərində lal hüzn gördüm,

Bir də ki, gecənin təkliyini mən.

Cəsarət etmirəm düz söz deməyə,

Sakitcə öpürəm tünd əllərindən.

Danışmaq nə demək? Dənizdə dalğa,

Bu kobud dünyada dəyişər nələr?

Geniş və lazımlı başqa şey susur,-

Dənizin üstündə odlu şəfəqlər.

Biryolluq özümlə aparacağam,-

Təsadüf görüşlər ayırar bizi,

Hər an yada salıb, xatırlamaqçün,

Çiçək ətri hopmuş qızıl dənizi...

***

İnsan qovuşanda axirətinə,

Gedir həmişəlik, qayıtmır geri.

Gedir, birdəfəlik geridə qoyur

Bir vaxtlar ömrünə bağlı şeyləri.

Külək qabağında sönür şam kimi,

Daxili atəşdən əriyir ya da.

Kim isə gizlincə səhərə yaxın

Ehmalca üfürüb can verir oda.

Cismi zərrələrdə donub da qalır,

Bədəni qayıdır ilkinliyinə.

Tanrı şam götürüb masanın üstdən

Dumanlı aləmə nur saçar yenə...

 

Qış kəndində

Günlər quşlar kimi bir yerdə uçur,-

Həftələr dalınca ötür həftələr.

Mən də meyl elədim göylərə sarı,

Xeyri yox! Uçdular... Gözləmədilər.

Gözə görünmədən uzanır dram,

Qar kimi əriyib çəkilir yollar.

Parlaqlıq görünmür, nə də ki, Məbəd,

Bayırda hər yanı basdalayıb qar.

Dözülməz haldadır mavi soyuqlar,

Ağaclar şaxtadan gümüşə çalır.

Günlər və həftələr düşür dəyərdən,

Vacib nələr varsa keçmişdə qalır.

Sevib, əzab çəkən varmı doğrudan,-

Hardasa şəhər var, gediş-gəliş var?

Axı, belə olmur. Yalandır hər şey!

Mələklər oxuyur, bir də təkcə qar.

Gözəllik məqsədsiz, mənasız olur

Sükut qərq olanda çölə-tarlaya.

Həftələr dalınca ötür həftələr,

İçib sərxoş olub... Ölməliyəm ya?