Arzu Əsəd - Türk buna dözməz.
Mənəviyyatımızdakı, qan yaddaşımızdakı, təbiətimizdəki, ruhumuzdakı türklüyümüz üsyan edir. Çünki son zamanlar İranın aşiqləri, Səudiyyənin əxiləri milli kimliyimizi basdırmağa çalışırlar. Ona görə bəzi ziyalılarımız bu basıncı, bu sıxıntını hiss edib üsyan püskürürlər. İranın uydurma rəvayətləri, Səudiyyənin qondarma hədisləri hələ islam olmadan türk oğlunun qurduğu dünyanın ən böyük dövlət və imperiyalarının tarixini, Atatürkün dediyi kimi, " dünyanın bütün mədəniyyətlərinin anası olan" mədəniyyətini türk övladının bilinc və mənəviyyatından sıxışdırmaq istəyir. Türk buna dözməz.
Tarixdə onun yaratdığı dövlətlər, imperiyalar, geosiyasi birliklər bu sıxıntılara, təzyiqlərə reaksiyası nəticəsində oluşub. Türk milləti təsir altına düşər, amma o şəraitdə çox yaşamaz. Türkün islamı qəbul etməsi onun ruhundakı Tanrıçılıqla İslamın mahiyyətindəki təkallahlılığın, vəhdətin təbii uzlaşması nəticəsində baş verib və nəticədə böyük türk-islam mədəniyyəti yaranıb.
Türk öz tarixində, həyatında milli kimliyinin də, islamın da dozasını, ölçüsünü hər şəraitə uyğun olaraq özünün tarixən yaratdığı mədəniyyət etalonu, ictimai-siyasi şüur səviyyəsi ilə çox yaxşı müəyyən edə bilir. İslamı bizə nə İran, nə Səudiyyə verməyib. Onların yaramaz təəssübkeşləri, vətən, milıət, idrak düşməni olan yalaka nökərlərinin ruhu türkün ayaq izlərinin möhür vurduğu torpaqlardan rədd olub getməyə məhkumdur. İslamı Azərbaycan türk millətinə Əhməd Yəsəvilər, Nizamilər, Füzulilər, Yunus İmrələr, Nəimilər, Nəsimilər, Əhməd Ağaoğlular, Əli bəy Hüseynzadələr, Cavidlər və yüzlərlə, minlərlə o qəbildən olan mütəfəkkirlərimiz gətirib, bir mədəniyyət, dünyagörüşü, idrak amili kimi davam və inkişaf etdiriblər.
İslamı yüz illərlə hər kənddə, şəhərdə "əlini, dilini, belini" gözləyən əməli saleh ata-babalarımızın, nənələrimizin, analarımızın əməl və davranışlarından öyrənmişik. Türkün islamla peyvənd olunmuş minillik immuniteti var. Bu "aşiqlərin", "əxilərin" ya ağlı çaşıb, ya da heç əvvəldən yoxmuş kimi canlı biorobotlar kimi boş qafaları ilə xarici ölkə kəşfiyyatlarının islam ixracatçılarının keyfiyyətsiz prpqramları doldurulub bizə islam öyrətməyə göndəriliblər.
Əlbəttə, bu tumantökənlərə Azərbaycan ziyalısı, nəhayət, dur deyəcək! Əlbəttə, türk millətinin qədim, möhtəşəm tarixini onların qarşısına qoyacaq, "həddini aşma" deyəcək, bu millətin tarixi, mədəniyyəti ilə, demək, həm də gələcəyi ilə bağlı məsələlərdə qırmızı xətti müəyyənləşdirəcək.