ARZULARIN QƏTLİ - SÜLEYMAN ABDULLA

Ədəbiyyat 12:10 / 24.11.2026 Baxış sayı: 414

 

Çıxacağı yoldu Tanrının hüzuruna

bir boz gündə kefinin ala bulud istəyi,

adam uşaq olanda

o qədər xam xəyala düşür ki...

Böyüdükcə

anlayır cılızlığını nəhəng arzuların,

dərk edir ki,

baş aparmaq olmur

ayaqlaşmaq istəyəndə zamanla...

Gərək əvvəldən biləydi

mümkün deyil bu yaşda

yaş pillələri çəp nərdivanı

buludlara söykəyib

düz saxlamaq əzabını yaşamaq.

...Və bir də

yastıpəncə ayağın sürüşməsi var

vaxtın donduğu buludlardan üst qatdakı

gözlə görünməyən buzlaqlarda.

Əyri yolla

tez çatmaq olur mənzilbaşına,

çox vaxt

yaxşı qarşılanmır dürüst olmaq.

Dolanbaclar doludur

zamanın qətl etdiyi adamlarla,-

kiminin başında qanlı sarğı,

kiminin kürəyində paslı bıçaq tiyəsi.

O qədər olub ki,

həqiqətin başını kəsən gerçəklər.

Robespyer taleyi yaşamaq da var qismətdə.

Son necə olacaq,

Tanrı möhlət verərsə, görərik!