Şakir Xanhüseyinli - GÖZÜN İŞİ TƏK GÖRMƏKMİ
Niyə göz yaşarır, bilsən
quruyub qalarsan elə...
Kirpiklərin ucunacan
görünən bir nəmlik var, hə...
Bəyəm gözü diri tutmaq
onu tez-tez silməkdimi...
Hərdən sıxmalı olursan
gözünü, suyu çıxır ki...
Gözün işi tək görməkmi,
bəzən bir gül təki,
gör də,
Bəs edir ürəyə düşən
bir duyğunu cücərtməyə...
Göz də ha baxır,
ha axır,
yaşarır ürək oduyla;
Birdən zülmətə çevrilir
işıq
işıq sürətiylə...
Göz açıb nələr görürsən;
fikirlidi hərə bir cür...
Bəli, gözlərin ikidi;
biri Araz, biri də Kür...
Qoşaladınmı ovcunu,
demək, göz ilə işin var...
Bir də bunu bilməlisən,
odun var ki, göz yaşın var...
Yerindən çıxmaq istəyir
bəzən görürəm ürəyin;
Qəzası heç əskik olmaz
ömrünü belə sürənin...
Görən, niyə bir qapı da
açılmır bağlanan yerdən...
Bil, ağac da yara alır
bir budağı sınan yerdən...
Üzündə bir cüt şırımla
yaxan islanıbdı, axı;
Quru yerdən götürdüyün
o yaylıq niyə yaşdı kı?!