Əşrəf Veysəlli - Xudaya, sən özün qoru bizləri

Ədəbiyyat 10:07 / 24.11.2026 Baxış sayı: 545

 

Biz nəyik?- bir çəngə otuq,küləşik,

Bizi ocaqların qorundan qoru.

Xuda,sən özün ayı ,günəşi

Quru böhtanların torundan qoru.

 

İlahi,bu dünya silah dünyası,

Yaltaqlıq dünyası,məddah dünyası.

Şeir dünyamızı,söz dünyamızı

Qorxuram məhv edə tamah dünyası.

 

Ağlıdayazların cibləri dərin,

Gözüdoymazların gözü yeməkdə .

Pencəyi qarnına gəlməyənlərin

Çoxu hörümçəkdən can diləməkdə.

 

Dünya-yeyənlərin ,örürənlərin ,

Dünya- görənlərin ,götürənlərin .

Bir quru sağ ola mərd oğulların

Qanlı köynəyini gətirənlərin.

 

Görənlər gözünü yumub adlayır ,

Baxanlar elə bil görməyib ötür.

Dağıthadağıtdır,gətirhagətir,

Ötürhaötürdür,götürhagötür.

 

Bəlkə bu sözlərin vaxtı keçibdir,

Bu dünya- ürəyi dar olanların .

Əlinə ucalıq taxtı keçibdir

Qəlbinin gözləri kor olanların.

 

Fikirlər,xəyallar yorur bizləri ,

Başımız açılmır böhtandan ,şərdən.

Xudaya,sən özün qoru bizləri

Buyruq qullarından ,qulbeçələrdən.

 

Ölü basdırmağa diri tapılmır,

Adam axtarırıq torpaq atmağa.

Xeyirə gəzirik ,biri tapılmır,

Üçü birdən gəlir ev dağıtmağa.

 

Bizi anlayan kim,bizi duyan kim,

Kədər qəlbimizi dağıdır,didir.

Şeir oxuyan kim,söz anlayan kim,

Hamı öz qarnının dalınca gedir.

 

Biz nəyik?- bir çəngə otuq,küləşik,

Bizi bu dünyanın qorundan qoru.

Xudaya ,sən özün ayı,günəşi,

Qoru,xəyanətlər torundan qoru.

5 aprel 1994