Ayaz  Arabaçı - Döyür qapımı

Ədəbiyyat 13:00 / 08.05.2026 Baxış sayı: 185

Döyür qapımı

səssiz limanların axşamı.

Bir az dənizəm, bir az yorğun gəmilərin xatirəsi.

Gizlənib saatın təkərlərində

gecikmiş qatarların səsi.

Sən daha

adam deyilsən mənimçün

bir hissən...

Hər yerdə arzuladığım pissən.

Messencerə baxıram, nəsə yazmısan..

Gözlərimə ümid olma,

hərfləri güclə seçirəm.

Qəribədir, elə bil

bir yuxunun içindən keçirəm.

Aramızda bir qapı var

Bir aləmdən o birinə açılan..

Sən o qapının o tərəfindəsən

mən bu tərəfində.

Bir vaxt ikimiz də

eyni yuxuda idik.

sən oyandın, mən qaldım.

Döyür qapımı səssiz limanların axşamı…

Pəncərəmə çırpılır duz qoxulu küləklər..

Telefonumda

Son görünmən bir məzar daşı kimi dayanıb..

Əvvəllər bahar küləyi kimi ruhuma əsərdi.

Adının qabağında

yaşıl işıq yansaydı,

bütün şəhərin elektriklərini kəsərdi..

Vizası xatirələrlə alınan ölkə kimisən.

Suların üstündə yeriyən kölgə kimisən..

Döyür qapımı

səssiz limanların axşamı.

Saat yorğun bir xəstə kimi nəfəs alır otağımda.

Qollarım sənə sarılmaq istəyən ac Ilan..

Aramızdakı o qapı hələ də ordadır.

Bir aləmdən o birinə açılan…