Əli Şirin Şükürlü - Elmi poeziya idrak forması kimi

Ədəbiyyat 11:00 / 08.05.2026 Baxış sayı: 1291

                                           

                        

(elmi-suprematist poeziya haqqında esse)

Elmi yoxsa intellektual poeziya?! ...

Elmi Poeziya: Elmi poeziya anlayışı ədəbiyyatın elitar, maraqlı və mübahisəli istiqamətlərindən biridir. Bu sahə poeziyanı yalnız estetik zövq və emosional təsir vasitəsi kimi deyil, həm də elmi idrakın bədii forması kimi təqdim edir.

 

René Ghilin nəzəriyyəsi: Fransız şairi René Ghil (1862–1925) elmi poeziyanın nəzəri əsasını 1887-ci ildə yazdığı (bəzi mənbələrdə 1885-cı və 1886-ci il göstərilir) "Traité du Verbe" ("Söz haqqında traktat") əsərində qoymuşdur. Əsər elmi poeziyanın nəzəri əsaslandırılması, həmçinin bu kontekstə uyğun poetik nümunələrdən ibarətdir. Həm də nəzəriyyəçi olaraq şair tərəfindən XİX əsrin sonunda nəzəri əsasları verilən Elmi poeziya nəzəriyyəsi – poeziyanı yalnız emosional ifadə vasitəsi deyil, həm də elmi idrakın bədii forması kimi təqdim edir. Bu nəzəriyyə elmi poeziyanın əsas mənbəyinin rasional idrak – elmi dünyagörüş olduğunu əsaslandırır.

 

Tibb mütəxəssisi Klod Bernardın tədqiqatlarını oxuduqdan sonra Emil Zola "Eksperimental roman" toplusunu nəşr etdirir. Rene Gil bu topluya analoji olaraq poeziyada elmi yanaşmanı, elmi metodikanı müdafiə etməyə başlayır və 1887-ci ildə onun "Söz haqqında traktat" kitabının ilk nəşri çap olunur. Şair Artur Rembonun şeirdəki hər sait səsin özünəməxsus rəngə malik olduğu mülahizəsi əsasında qurduğu sistemə, eləcə də Herman Helmholtzun "Səs təəssüratları" haqqında elmi konsepsiyasına əsaslanaraq, o hesab edir ki, fransız samit səslərinin də öz obrazları vardır (məsələn, r və u səsləri truba, fleyta və klarnet haqqında düşünməyə vadar edir). Beləliklə, nəzəriyyəçi şair poeziyanı səs, rəng və elmi idrakın sintezi olaraq təqdim edir:

 

Sözlər səs və rəng,

Truba və fleytaların qovuşması,

Elm və poeziyanın harmoniyası,

Düşüncənin mahnıya çevrildiyi yer.

 

Və yaxud:

 

Əşyaların Musiqisi! Skripkaların ahəngdar səsindən

Həyat ağrı və minlərlə səhvi ilə keçib süzülür

Lap qədim zamanlardan Ədəd və Səsin

Tanrı qisməti kimi qovuşduğu İdrak nuruna.

 

Poeziya haqqında Gilin elmi-fəlsəfi nəzəriyyəsini praktik nümunələrlə zənginləşdirən şairlərdən biri isə bu konsepsiyaya elə həmin dövrdə heyranlıqla yanaşan rus yazıçı Valeri Bryusov (1873 – 1924) idi (Kvant dünyası, N ölçü və s. poetik nümunələr):

 

Bəlkə də bu elektronlar

Hər biri beş qitədən ibarət dünyadır,

İncəsənət, bilik, müharibələr, taxt-taclar isə

qırx əsrin yaddaşıdır!

 

Yaxud bəlkə də hər atom

Yüz planetdən ibarət bir Kainatdır;

Burda olanlar orada sıxılmış həcmdə,

Orda amma burda olmayanlar da var. (Kvant dünyası)

 

Bryusov, Gil konsepsiyasına istinadən poeziya elmi bir-birini tamamlayan sahələr kimi dəyərləndirir. Onun fikrincə, elmi idrak poeziyanı dərinləşdirdiyi kimi, poeziya da elmə inkişaf üçün yeni istiqamətlər bəxş etməlidir.

Umumiyyətlə, elmi poeziyanın digər bir çox paradiqmaları da elm poeziyanın sintezini bir sistem olaraq qəbul edir; birinin dəqiq nəticə əldə etmək, digərini isə bu təcrübələrin poetik dil vasitəsilə yeni konstruksiyada ifadəsi olaraq əsaslandırmağa cəhd edir. Bu məqamda Haydegerin mənanın dil vasitəsilə ifadəsi haqqında fikri sanki təsdiqini tapmış olur. Filosof-şairə görə, dilvarlığın eviolaraq onun sirlərini qoruyur bir çox sualların cavabını məhz onda tapmaq olar; bunun ifadəsi isə insənət, xüsusilə poeziyadır.

 

Bir sözlə, elmi poeziya konsepsiyasının idrak kontekstində əsas funksiyalarından biripoeziyanın da elm kimi dünyanı anlamaq perspektividir.

 

...Artıq XXI əsrdə - təxminən 130 il sonra...

Əli Şirin Şükürlü. Ədəbi suprematizm (intellektual poeziya haqqında nəzəriyyə) ....

mən nə üçün elmi poeziya ilə bağlı əsəri: Ədəbi suprematizmi intellektual (məhz elmi deyil) poeziya haqqında nəzəriyyə adlandırdım. Çünki təqdim etdiyim model (Eİ – FD – BT: elmi informasiya – fəlsəfi düşüncə - bədii təfəkkür komponentlərinin formalaşdırdığı model) elmi faktlarla yanaşı, mədəniyyətin digər qolları olan fəlsəfi sistemlərə, dini dünyagörüşə (teoloji sistemlərə) və incəsənətə xas faktların, həmçinin metafizik paradiqmaların da bədii yaradıcılıqda (məhz təkcə poeziyada deyil, bədii yaradıcılığın digər növlərində də tətbiqi nəzərdə tutulur) transformasiyası konsepsiyasına əsaslanır.

 

Bu nəzəriyyə əsaslandırmağa çalışır ki, idrak poeziyasının yaranması əsas iki zəmin üzərində baş verir: bədii mətn yaratmaq qabiliyyəti (bədii təfəkkür) və elmi-fəlsəfi təfəkkür. Bu iki amilin hesabına formalaşan elmi-bədii təfəkkürün funksionallığı intellektual mətnlərin yaranmasına səbəb olur. Bu məsələ bəzən yanlış anlaşıla bilər; elmi faktları müəyyən çərçivəyə salıb şeir nümunəsi kimi qələmə vermək intellektual şeir yaratmaq deyil. O ən yaxşı halda əksəriyyətə məlum elmi informasiyanı yenidən sadalamaq olacaq ki, bu halda bədii mətndən söhbət gedə bilməz. Başlıca şərt elmi faktlarla (əsasən, elmi faktların fəlsəfəsi ilə) hadisə (mövzu) arasında adekvatlığı müəyyən edib, mövzunun bədii həllinə nail olmaqdır. İntellektual bədii mətnlər elmi faktlarla, onların fəlsəfəsi ilə hadisə arasında qarşılıqlı uyğunluq sayəsində yaranmalıdır (https://anl.az/el/Kitab/2020/06/cd/Azf-311457.pdf).

 

Xoşbəxt bilet

(tələbələrimə)

Neçənci çıxarırsan qutudan bileti çıxar,

istər birinci, istər sonuncu, fərqi yox, Tutu,

qələbə şansı eyni.

 

Təsadüf yoxdu həyatda – demişdim axı.

Təsadüf – bilməzliyin və biliyin məhsulu, Tutu.

Təzad alınsa da həqiqət budu:

təsadüf - çünki bilmirik, həm də

bilirik bilmirik və öyrənirik.

Yolu - riyazi modellər:

təsadüfi hadisələr, təsadüfi proseslər...

 

Modelin biri “Markov prosesi” –

manqurt proses deyərdik ona –

sistem hər an unudur keçmişi:

“Yaşasın gələcək, əlvida keçmiş!”

 

Maraqlı idi, həm də həyati – düzdü,

“xoşbəxt bilet” axtaran ağıllı Tutu.

 

Evlər sıra-sıra əzəmətli,

maşınlar ard-arda bahalı,

adamlar yan-yana ümidli.

İstər qabağa düş,istər geri qal,

udmaq şansı bərabər,

uduzmaq şansı da elə.

Təsadüf yoxdu, hər şey nizamlı –

demişdim axı.

 

“Yaxşı bilet”ehtimalı,

istər birinci çək bileti, istər sonuncu, dəyişmir, eyni -

yadındadı,Tutu?

Yadındadı - qapalı qutu. Unutmusan ?

 

Onda gəl təzədən başlayaq:

Qutuda 25 bilet, 5-i “yaxşı”dı,

cəmisi beşi. Qutu...

Xatırladın, özün həll edərsən? -

Nə yaxşı, Tutu!

 

Bu nəzəriyyə elmi poeziyanı müasir mərhələdə yeni fəlsəfi və elmi müstəviyə daşıyaraq, Azərbaycan poeziyasını qlobal intellektual ədəbiyyat kontekstinə çıxarmaq potensialına malikdir. Məqsəd: Poeziyanı yalnız duyğu və təsvirlə deyil, elmi informasiya, fəlsəfi düşüncə və bədii təfəkkür komponentlərinin formalaşdırdığı model əsasında ideya və konseptual dərinliklə qurmaqdır. Burada poeziya elmi informasiya, fəlsəfi düşüncə və bədii təfəkkürün sintezidir. Bu nəzəriyyəyə görə, poeziya təkcə hissi idraka – duyğulara söykənən emosinal ifadəyə deyil, həm də rasional idraka əsaslanmalıdır.

 

Elmi poeziya və intellektual poeziya:

(elmi-suprematist kontekst)

 

Elmi pöoeziya Ədəbi suprematizmi fərqləndirən əsas xüsusiyyət metodoloji yanaşmadır. Elmi poeziya nəzəriyyəsi səs, rəng elmin harmoniyası olaraq təqdim olunur. Əsas məqsədi poeziyanı bu harmoniya sayəsində dünya dərkində universal dilə çevirməkdir. Ədəbi suprematizm sanki elmi poeziyanın sərhədlərini genişləndirir: Mədəniyyətin bütün istiqamətlərinin, həmçinin metafizik mülahizələrin elmi informasiya, fəlsəfi düşüncə bədii təfəkkür komponentlərinin formalaşdırdığı model əsasında bədii yaradıcılıqda transformasiya metodikasını təklif edir. Lakin hər iki konsepsiya elmi informasiyaya, elmi faktlara, elmi mülahizələrə əsaslanır. Bu mənada onları bir-birinin tərkib hissəsi kimi deyil, bir sistem olaraq perspektivi önəmlidir: elmi-suprematist paradiqma.

 

Elmi-suprematist paradiqma (manifest):

Fikrin elmi-fəlsəfi-bədii laboratoriyasıdır.

Bədii sözün yalnız hissi deyil, həm intellektual gücünü ortaya qoyur.

Bədii əsər həm elmi ideya daşıyıcısıdır.

Estetik zövq mənbəyi olmaqla yanaşı, düşünməyə, analiz etməyə, yeni mənalar yaratmağa çağırışdır.

Elit olaraq daha çox düşünməyi, iformativliyi, mənanı sevənlərin yoludur.

Sözün azadlığı, fikrin dərinliyi, düşüncənin estetikasıdır.

 

İdrakınız işıqlı olsun!

P.S. Sintez: İki yanaşma birləşəndə şeir həm abstrakt estetik gücə, həm də rasional dərinliyə sahib olur. Poeziya formanın mütləq azadlığı elmi-fəlsəfi qanunauyğunluq ilə zənginləşir.

 

... – 08.05.2026