Ramiz  Qusarçaylı - Gedirəm, bu yerdən, gedirəm

Ədəbiyyat 10:41 / 08.05.2026 Baxış sayı: 272

 

Bu kölgə mənimmi...

mən yoxam,

Gedirəm, bu yerdən, gedirəm.

Göy üzü yapıncım,

yer çuxam

Gedirəm, bu yerdən, gedirəm.

Qalmağa həvəsim qalmayıb,

Ölməyə nəfəsim qalmayıb,

Sevməyə bir kəsim qalmayıb

Gedirəm, bu yerdən, gedirəm.

 

Dağ canım,

çay qanım, bilirəm,

Yolları adımdan silirəm,

Allahım, yanına gəlirəm

Gedirəm, bu yerdən, gedirəm.

 

Qəbrimə son beşik deyərsiz,-

Nə gözəl ev-eşik,- deyərsiz,

Ya dəli, ya aşiq deyərsiz

Gedirəm, bu yerdən, gedirəm.

 

Şehlənir güllərin düzümü,

Meh öpür islanan izimi,

Quşlara ötürüb səsimi

Gedirəm, bu yerdən, gedirəm.

 

Dalımca su atma, su pərim,

Suyundan gül açmaz çəpərim,

Dur yığış, sonuncu təpərim

Gedirəm, bu yerdən, gedirəm.

 

Gedirəm, ay anam, gedirəm,

Gedirəm, a sonam, gedirəm...