MEHDİ CALAL  -     SƏNİ

Ədəbiyyat 16:52 / 07.05.2026 Baxış sayı: 246
                                                                   

                                                     

 

                                      Səməd Vurğuna

 

Şair, bir gün yolum dağlara düşdü,

Necə əzizlərmiş o dağlar səni.

Min ağrı-acıyla, min həsrət ilə,

Sordu yaşıl-yaşıl budaqlar səni.

 

Yol çaşan çığırlar üstümə gəldi,

Bükülən çiçəklər qalxdı, dikəldi.

Bir bayatı çəkdi, səbrimi dəldi,

Dilinən ağladı bulaqlar səni.

 

Qayalar dinmədi, sirri var kimi,

Xəyalım qarışdı buludlar kimi.

Gah günəş, gah yağış, gah da qar kimi

Gözlərmiş gəzdiyin oylaqlar səni.

 

Gəldim məzarının önünə bir gün,

Sinəmdə arzular düyündü, düyün.

Qayğıyla bəzəndi narahat ömrün,

-Axtarır «Şəmşirlər» çıraqla səni.

 

Hər gün tər çiçəklər dəstəbədəstə

Gəlirələr, ölülər qəbrinin üstə.

Elə səbir gəlir səbrinin üstə,

Bürüyüb saralmış yarpaqlar  səni.

 

Könlüm gumuldanar xan Araz kimi,

Gumanım yaralı bir muraz kimi.

Bil dəli istəklə susan saz kimi,

Sıxıbdı köksünə torpaqlar səni.

 

Köçmüsən qəlbinə yayın, payızın,

Hər şaxtalı qışın, çiçəkli yazın.

Təbiət dilində danışar sazın,

-Zaman fəsil-fəsil varaqlar səni.