Adilə  Nəzər -  TƏSADÜF DEYİLƏN NİZAM

YAZARLAR 12:54 / 06.05.2026 Baxış sayı: 180

 

Əlabbas Bağırovun “Yolda adam” hekayəsini oxuyanda adamın içində qəribə bir sakitlik yaranır. Sanki müəllif sənə böyük, hay-küylü bir hadisə danışmır, sadəcə həyatın içindən keçən balaca bir anı göstərir. Amma həmin anın içində insanlıq, vicdan, mərhəmət və taleyin incə oyunu gizlənir.

Hekayə çox adi bir istəklə başlayır: xəstə ana üçün balıq tapmaq. Zahirən sadə olan bu istək əslində bütün süjetin mənəvi yükünü daşıyır. Müəllim obrazı burada bir oğul olmaqla yanaşı, həm də məsuliyyət daşıyan, amma tərəddüd edən, bəzən praktik, bəzən də hisslərinin arxasınca gedən bir insandır. Onun şəhərdə dükan-dükan gəzməsi, hər yerdən eyni cavabı alması həyatın sərt reallığını göstərir: bəzən istədiyin şey sadəcə yoxdur. Amma o yenə də əl çəkmir. Bu inad artıq fiziki ehtiyacdan çox, mənəvi borca çevrilir.

Şəhərin təsviri xüsusilə diqqət çəkir. Boş vitrinlər, köhnə balıqlar, sönük mühit... və bu mühit insanın daxilindəki boşluqla səsləşir. Üstəlik, üç balıqçının batması xəbəri şəhərin üzərinə çökmüş ümumi kədəri göstərir.

Təsirli hissələrdən biri vətəgədəki səhnədir. Balıqçının susub köks ötürməsi, heç nə demədən barakasına geri dönməsi çox şey deyir. Müəllim (həm də oxucu) başa düşür ki, qarşısındakı adamın münasibəti öz dərdlərini göstərməmək istəyidir. Bu məqamda hekayə oxucunu sakitcə silkələyir: hər kəsin öz yükü var və bəzən kimsədən nəsə istəmək onun ağrısına toxunmaq deməkdir.

Təbiət təsvirləri də hekayənin ruhunu gücləndirir. Külək, qar, qaranlıq, dalğaların uğultusu və s. sadəcə dekorasiya deyil, hekayədəki obrazıların daxili vəziyyətini də tamamlayır. Sanki təbiət də insan kimi narahatdır, qarışıqdır, qeyri-müəyyəndir.

Hekayənin əsas dönüş nöqtəsi yoldakı adamla bağlıdır. Müəllimin əvvəlcə onu götürmək istəməməsi realdır. Bu, qorxudur, şübhədir, bəlkə də bir az eqoizmdir. Arvadının israrı isə içdən gələn mərhəməti göstərir. Əslində isə bu israrın başqa, daha dərin bir qatı da var: arvad özü də fərqinə varmadan xəstə qaynanasının arzusunun yerinə yetməsi üçün bir vasitəyə çevrilir. Sanki hadisələrin arxasında görünməyən İlahi qat var, bir nizam işləyir və insanın sadə bir qərarı həmin axarın bir hissəsinə çevrilir.

Bu baxımdan hekayənin sonu sadəcə təsadüflərin düzülüşü kimi yox, müəllifin incə bir məramının ifadəsi kimi oxunur. Burada açıq dərs verilmədən, sakit bir axarla xatırladılır ki, həyat təkcə insanın planları ilə qurulmur; görünməyən bir nizam var və o, bəzən ən adi qərarların içində özünü göstərir. Müəllif bununla demək istəyir ki, insan ürəyinin səsinə qulaq asanda, başqa birinə əl uzadanda, özü də bilmədən həmin ilahi tarazlığın içində yerini tapır.

Əlabbas Bağırovu doğum günüdür, bu münasibətilə onu təbrik edir, uzun, sağlam ömür və yeni yaradıcılıq uğurları arzulayıram. O, yaratdığı obrazlar kimi sakit, dərin və həyatın kiçik anlarında böyük məna görən ustad yazıçıdır.