Süleyman Abdulla - BİR VAXTLARIN ŞEİRİ
Heç kim güvənməsin öz qüdrətinə,
Hərənin yıxılan bir vaxtı olur.
Olur ki, igid də düşür çətinə,
Ərənin yıxılan bir vaxtı olur.
Nə çoxdur gözündən çəkilən dara,
Üstü qaysaqlamış, içi bəd yara...
Qarışan ortalıq, pozulan ara,
Mərənin yıxılan bir vaxtı olur.
Tapsan əyri işə çəm, çöz, gə(l)...dərddi,
Dolandır ətrafa nəm göz,gə(l), dərddi,
Bəndin uçulması həm özgə dərddi,
Bərənin yıxılan bir vaxtı olur.
Yaxma, əməl ola, baxma, iş ola,
Çaxma tamah ola, taxma diş ola.
Bazarı qiymətə mindirmiş ola,
Tərənin yıxılan bir vaxtı olur.
Bu dünya başına gəldimi dar heç,
Yayın ortasında yağdımı qar heç?
Köməcli palıd heç, köklü çinar heç,
Kərənin yıxılan bir vaxtı olur.
Bilirəm yamanlıq amacın deyil,
Yarı ləlöyünün, tam acın deyil.
Təkcə dağın deyil, yamacın deyil,
Dərənin yıxılan bir vaxtı olur.