Vaqif Yusifli  - Dəniz ruhlu şair

Ədəbiyyat 12:00 / 06.05.2026 Baxış sayı: 233

 

 

(Şair-qəzəlxan-bəstəkar Hüseyn Sözlünün 80 yaşı tamam olur)

 

Hüseyn Sözlü ədəbiyyata, bədii yaradıcılığa erkən yaşlarında meyl göstərsə də, yalnız doxsanıncı illərdə, yaşı “ekvator xəttinə” çatanda ilk şeirlər kitabını çap etdirmişdir. “Dənizə bağlıyam mən” ilk şeirlər kitabında onun dənizə bağlılığı – dəniz sevgisi – insan – dəniz vəhdəti öz əksini tapır: dənizin gözəlliyi mədh olunur, onun insana bəxş etdiyi mənəvi zövq – estetik hiss təbliğ edilir və dənizçi düşüncələri bu şeirlərin əsas mövzusudur. Nəticədə, Hüseyn Sözlü həm “Dənizə bağlıyam” şeirlər kitabında, həm də sonrakı illərdə qələmə aldığı şeirlərdə mükəmməl bir Dəniz obrazı yaradır.

Eşit , ey Günəş, ey Ay,

Dənizə bağlıyam mən.

Eşit, ey külək, ey şay,

Dənizə bağlıyam mən!

 

Dəniz, sənsən beşiyim,

Səninlə boy atmışam.

Sənsən evim, eşiyim,

Muradıma çatmışam.

Qeyd edək ki, son əlli ilin Azərbaycan poeziyasında dənizə aid ən çox şeir yazan, onu vəsf edən şair Hüseyn Sözlüdür.

Hüseyn Sözlünün müxtəlif illərdə çap olunmuş şeirlərinə diqqət yetirəndə onun təkcə dənizə deyil , təbiətin ayrı-ayrı atributlarına – dağlara, ilin fəsillərinə, Naxçıvan təbiətinə, Araz çayına, Bakının gözəlliyinə də həsr etdiyi şeirləri üzərində də dayanmalıyıq. Xüsusilə, onun dağlara aid yazdığı şeirlər orijinallığı ilə seçilir.

Çoban sürüsünü yayar düzünə,

Dumanı niqab tək çəkər üzünə,

Ayna bulaqları sıxıb köksünə,

Qurtarmaq bilməyir sözü dağların.

 

Ayağı xınalı kəklik səslənər,

Yamacında qoyun, quzu bəslənər,

Yağmuruna düşən hər kəs islanar,

Yağışda yuyunar üzü dağların.

Beləliklə, Hüseyn Sözlünün şeirlərində Dağ obrazını da seyr edə bilirik. Həm də bu Dağ obrazı İnsan obrazı ilə, daha doğrusu, İnsan-Dağ vəhdəti ilə müşayiət olunur. O, dirilik şərbətini, ayrılıq qismətini və xiffətini, özünün həsrətini o dağlarda axtarır.

Hüseyn Sözlünün bu mənada təbiətə vurğun bir şair də adlandırmaq olar. O, müasir poeziyada H.Arif, M.Yaqub, Q.Qasımzadə, A.Laçınlı, M.Aslan, H.Kürdoğlu yolunu davam etdirir.

Əlbəttə, hər hansı şair, o cümlədən, H.Sözlü Azərbaycan təbiətindən gözəl şeirlər yaza bilər. Lakin Azərbaycan təbiəti (dağlar, dəniz, ilin fəsilləri və s.) Vətən obrazı ilə vəhdət təşkil etməlidir. Burada Xalq şairi Musa Yaqubun məşhur şeiri (sonuncu misrası “Orda Azərbaycan torpağı vardır”) yada düşür. H.Sözlü də Azərbaycan təbiətinə həsr etdiyi şeirlərdə Vətəni – Azərbaycanı tərənnüm edir. Vətən isə nə qədər geniş məna və məzmun daşıyırsa, bir kənddən, bir şəhərdən, bir çaydan və şairin doğulduğu torpaqdan (Naxçıvandan) başlayır və sonra böyük Vətən obrazına çevrilir. Fikrimizcə, H.Sözlünün şeirlərində yaratdığı Vətən obrazının başlanğıcı Araz çayından başlanır:

İllərin həsrəti, illərin qəmi,

Məni çəkib Araz üstə gətirir.

Qəlbimin yanğısı, gözümün nəmi,

Məni çəkib Araz üstə gətirir.

 

Arazım sinəmə çəkilən dağım,

Ayrı-ayrı yanır iki çırağım.

Culfada  iki bölünmüş bağım,

Məni çəkib Araz üstə gətirir.

Bu şeir də bütöv Azərbaycan idealı ifadə olunur.Vətənin bu tayından – Arazın sahilindən o taya həsrətlə boylanan şair “O taydan salamlar gətirən küləyin” səsinə qoşulur.

Hüseyn Sözlünün dünyaya göz açdığı Naxçıvana həsr etdiyi şeirləri də o gözəl, qədim diyarın gözəlliklərini (ona əziz olan hər bir daşını, haça dağlarına, nərə çəkən dəli dağlarını) gözlərimiz qarşısında canlandırır. Bunlar təkcə şeir deyil, həm də canlı lövhələrdir ki, rəsmlənib.

Hüseyn Sözlü üçün yurd, ocaq, kənd anlayışları böyük Vətən anlayışının tərkib hissələridir.

Odlar yurdu kimi düçübsən dilə,

Sənsiz yaşamaram bircə an bel.

Götür, bu Sözlünü qurbanlıq elə,

Əzəlim, sonluğum Vətənir, Vətən!

Hər bir şairin öz ömür yolu, keçdiyi həyatı, yaşadığı illər haqqında yaşının yetkin çağlarında ürək sözlərini ifadə etməsi təbiidir – axı, şair cəmiyyətin seçilmiş fərdlərindən biridir, onun ömrü həm də keşməkeşli, çətin sınaqlardan keçir. Hüseyn Sözlünün “Yaşadım” şeiri bu mənada onun insan və şair ömrünü səciyyələndirir:

Bu dünyanın yalanını, düzünü,

Bir-birindən seçə-seçə yaşadım.

Tufanlar adladım, boranlar keçdim,

Od-alovdan keçə-keçə yaşadım.

Hüseyn Sözlünün bütün şeir kitablarında sevgi  şeirləri üstünlük təşkil edir. İlk şeirlər kitabından sonuncusuna qədər bu şeirlər sevən bir ürəyin hiss və həyacanlarını ifadə edir – biz sevən insanın simasında məhəbbətə,  sevdiyi insana sadiq bir aşiqin könül duyğuları ilə tanış oluruq. O, sevgini həyatının mənası hesab edir:

Sevdim sən tək ay üzlünü,

Leyli xəyallı izlini,

İncitmə gəl, sev Sözlünü

Tək məhəbbət qalan olur.

Sevgi şeirlərində məhəbbət lirikasına xas olan bütün komponentlər – hicran, vüsal arzusu, sevdiyi qızın zahiri gözəlliklərinin təsviri, onun gözəlliyinin təbiət cisimləri (güllə, çiçəklə, gülüstanla) müqayisəsi ehtiva olunur. (“O gül səni xatırladər”). Hüseyn Sözlü bu sevgi şeirində klassik poeziya ənənələrinə sadiq qalır, lakin heç bir şairi təqlid eləmir. Və bu şeirlərdə “insan niyə sevir, bu sevginin mənası nədir?” suallarına cavab tapırıq (“Sevilməkçün insan gəlir dünyaya, sevgi yoxsa, yaşamasan yaxşıdır”).

Hüseyn Sözlü ədəbiyyata xalq şeirinin qanadlarında gəlib. Onun şeirlərinin böyük əksəriyyəti heca vəznindədir: qoşma və gəraylı formalarında qələmə alınıb. Qeyd edək ki,  bu qoşma və gəraylılar sözlə səsin vəhdətini əks etdirən musiqi çalarları, axıcı intonasiya, ritmika ilə səciyyələnir. H.Sözlü həm də öz şeirlərinin bir çoxunun bəstəkarıdır. Müğənnilər bu bəstələri toylarda, şənliklərdə sevə-sevə oxuyurlar:

Qış ömrümü yaz eyləyir,

Dərdi-qəmi az eyləyir,

Könlümü pərvaz eyləyir,

Sənin bircə təbəssümün.

 

Bülbülü gülə gətirir,

Sonanı gölə gətirir,

Eşqimi dilə gətirir

Sənin bircə təbəssümün.

Hüseyn Sözlünün şeir “ərazisi” təkcə qoşma və gərayləlarla məhdudlaşmır. Onun qəzəl janrına meyl etməsi heç də təəccüb doğurmamalıdır. Hüseyn Sözlü klassik  poeziyaya yaxşı bələddir, yoxsa onun 2022-ci ildə çap etdirdiyi “Divan”ı meydana gəlməzdi. Qeyd edim ki, o, “Divan – 2” kitabını da bu günlərdə oxuculara təqdim  edib. Doxsanıncı illərdən başlayaraq şeirimizdə qəzələ, ümumən klassik poeziyaya yenidən qayıdış oldu. Müstəqillik dövründə Azərbaycan əruz ədəbiyyatının və qəzəlin inkişafında yeni bir mərhələ başlandı. Hüseyn Sözlünün “Divan” kitabına qədər ayrı-ayrı şeir kitablarında qəzəllər təqdim etməsi də təsadüfi deyil. Görkəmli ədəbiyyatşünas - əruz mütəxəssisi -  professor Tərlan Quliyev Hüseyn Sözlünün “Divan”ına yazdığı ön sözdə qeyd edir ki: “ “Divan” adətən hər bir şairin istər yaradıcılığının  və istərsə də şəxsiyyətinin müdriklik dövründə tərtib olunur. Mənə elə gəlir ki, Hüseyn Sözlü bu gün hər iki mənada  Divan tərtib etməyə haqqı çatan şairdir”

“Divan”da şairin qəzəlləri, fəxriyyələri, deyişmələri, saqinamələri, qəsidələri, həcvləri, qitələri, tərkibbəndləri, mərsiyyələri, mürəbbeləri, müsəddəcləri, müxəmməsləri, rübailəri ardıcıllıqla yerləşdirilib. Özü də hər bir poetik nümunənin əruzun hansı bəhrində yazılması da qeyd olunur. Bu da bir daha sübut edir ki,  Hüseyn Sözlü əruz vəzninin bütün ölçülərinə yaxşı bələddir.

O, qəzəl şeirində çox az işlənən münsəruh və səri bəhirlərinə də müraciət etmişdir. Daha çox oynaq bəhrlər olan rəmələ və həzəcə meyl edib.

Əlbəttə, onun qəzəllərinin əksəriyyəti məhəbbət mövzusundadır. Həm də bu qəzəllərdə o, mümkün qədər ərəb və fars sözlərindən az istifadə etməyə çalışıb.

Dəli könlüm, geri dön bir dəli-divanəyə bax,

Unudub dərdi, qəmi mey yeri meyxanəyə bax.

Kimi eşq ilə yanır, heç də o biganə deyil,

Mənə söz verdi, gülüm, gəlmədi, biganəyə bax.

Məni Məcnun eləyib, bir gözəlin eşqi bu gün,

Məni kim gördü dedi, bir gələn əfsanəyə bax.

Telini oxşamağa qalmadı cürət belə, bil,

Qayıdıb bir geriyə, teldə olan şanəyə bax.

Yanıram atəşinə mən, Hüseyn Sözlü kimi

Dolanım başına mən, deginən pərvanəyə bax.

 

Hüseyn Sözlü müstəqillik illərində - yeni əsrdə şeirimizdə öz izini, cığırını açan bir şairdir. Biz də onu məhz öz Sözü olan bir şair kimi təqdim etdik.