Məmməd  Qədir - Dərdlərini soyutdun

Ədəbiyyat 13:18 / 06.05.2026 Baxış sayı: 172

 

Sevgi səpdin torpağına qəlbimin,

Ürəyimdə çiçək - çiçək böyütdüm.

Gözlərimin yağışıyla suladım,

Taleyimə rişə saldın, boy atdın.

 

Hər budaqdan meyvə dərdim, bar gəldi,

Ürək yandı, dilək tutdum, qar gəldi,

Dar ağacı boğazıma dar gəldi,

Bir kəndirin ilgəsindən qayıtdım.

 

Şükür, bəxtim çiçəkləmiş bahara,

Qara günü basdırmışam ağ qara,

İki rəngə əsir idim, ağ - qara,

Həyatımı min çalara boyatdın.

 

Qəflətdəydim, heç bilmirdim göy nədi,

Elə yandım, arzularım göynədi,

Ürəyimin qapısını döymədin,

Min illərin sevgisini oyatdın.

 

... Qəfil getdin, gəl sevgindən aç məni,

Tapdalayıb yol etmisən, keç məni,

İndi bildim, sevməmisən heç məni,

Sən mənimlə dərdlərini soyutdun