Dəli şeytan deyir ki...

MÜSAHİBƏ 13:58 / 06.05.2026 Baxış sayı: 243

 

Onun 80 illiyinə təbrik məktubumda yazdığım :“Əsl ədəbiyybiyyat zamanla köhnəlmir – o, zamanın özünə çevrilir.”- cümləsini çox bəyəndi. Bu müsahibəni alandan sonra isə əminliklə deyirəm ki, zamana çevrilən əsl ədəbiyyat elə Seyran Səxavətin özüdür.

Seyran Səxavət - zamanın yaddaşı, ədəbiyyatın sözü, dilimizin milliliyidir.

- Seyran müəllim,

S.S – Can!

- Dəli şeytan hələ də nəsə deyir?

S.S – Dəli Şeytan həmişə deyir. Dəli olsa da bunun adında “şeytan” sözü var, həm də. Koroğlunun ətrafındakılara da “dəli” deyirdilər. Elimizin-obamızın da sözü var ki:” Filankəs dəli-dolu adamdır”, “Dəlisov adam”. Mənim bir şeirimdə axırda deyir:

“Dəli Şeytan deyir ki,

Dəli şeytanı ol bəşəriyyətin.”

Dəli Şeytan çox şey deyir ey adama. Hə nə olsun deyir?!

Baxır kimə deyir, nə deyir. Onun qarşısındakı adamdan da çox şey asılıdır. Adam o qədər hazırlıqlı olmalıdır ki, dəli şeytanın dediyini harda, nə vaxt edib, etməyəcəyini bilsin. Bəzən elə şeylər deyir ki, onu mütləq etmək lazımdır.

Dəli Şeytan – çox maraqlı bir tipdir. Mən onu diri görürəm, elə şeytan kimi görürəm. Mən bilən o, iki növbədə işləyir. Bir növbəni xeyir işləri ilə məşğul olur. Digərində isə onları darmadağın edir.

Mənim aləmimdə Allahın yaratdığı 10 maraqlı mövcudiyyət varsa, biri elə Dəli Şeytandır. Yəqin ona görə də o şeiri yazmışam. Mən bilən heç Azərbaycanda “Dəli Şeytan” şeiri yazan yoxdur.

  • Bəli, ifadə kimi işlədilir, günahlar boynuna yıxılır, amma şəninə misralar yazılmır. Sözünə qulaq asıb, bəşəriyyətin “dəli şeytanı” oldunuz?

S.S – Biraz tənqid eləsəm də onu, elə onun prinsipi ilə işləyirəm, təxminən. Amma ümumilikdə az qulaq asıram ona, çünki mən başımla yox, ürəyimlə işləyən adamam. Yuxarı mərtəbə mənlik deyil və mən ürəyimə hər şeyi etibar edərəm, o, heç vaxt məni pis vəziyyətdə qoymayıb. Elə sirlərim var ki, onu ancaq ürəyimə etibar eləmişəm, ağlıma yox. Ağlın bir istiqaməti də “biclik” deyilən bir sözdür. Ona hansısa sirrini etibar edərsən, sonra sui istifadə edə bilər, baxmayaraq ki, baş öz başındır lazımsız yollara çəkər səni. Amma ürək...

Biz ona “ürək” deyirik, anatomiyada da adı elə gedir.

Çox istədiyim Məmməd Arazın iki misrası var, deyir:

“Anamdan, bacımdan gizlətdiyimi

Qələmdən kağızdan gizlətməmişəm...” – möhtəşəmdir, İlahi! Bax o qələmlə-kağızın arasında nəsə bir şey var ha, ürək - həm də odur.

  • Dediniz şeytan iki tərəfli işləyir, siz hansı tərəfi üstün tutardınız?

S.S – Mənim də mövqeyim elə ikili olardı. Hətta bəlkə də mən bəşəriyyətin dəli şeytanı olsaydım, ona yuxarıdan aşağı baxardım, heç bəyənməzdim də. Bəraəti olmayan bir hikkəylə bəşəriyyətə münasibət bəsləyərdim. Axı mən insanam, həm də çiy süd əmmişəm...

            - Bir qıza yazdığınız “İki arzu” şeiriniz var.

S.S – Hə... İlk çap olunan şeirimdir. Orta məktəbdə oxuyurdum, 16 yaşımda çap olunub, amma hardasa 12-14 yaşda yazılıb. O vaxt çap olunmaq böyük problem idi axı. Kənd uşağı, “Qızıl Araz” rayon qəzeti – bəh-bəh-bəh.

Qəzetin redaktoru rəhmətlik Feyruz Atakişiyevlə bağlı bir xatirəm yadıma düşdü. Onda redaksiya məsciddə yerləşirdi. Uzunqulaqla gəldim redaksiyaya. Deməli, öz aləmimdə yaxşı iş görürmüş kimi İki litirlik şüşə qabda südü də rüşvət  gətirmişdim ki, bəlkə südün xətrinə məni çap eləsinlər.  Redaktor dedi ki:”Bala, bu nədir gətirmisən?”

Həyəcandan karıxdım, dedim: “Feyruz əmi, müəllim, süddü, gətirdim ki, iç cana gəl biraz.” – çox arıq kişi idi. Redaktor xeyli güldü.
Onda redaksiyaya başqa şeir gətirmişdim. Elə bilirdim ki, elə südü içən kimi şeirimi çap edəcəklər. Amma bu söhbətdən düz iki il sonra çap olundum. O şeir yadımdadır, bizim bir rus dili müəlliməmiz var idi, onun qızına həsr etmişdim. Kəndimizin qızlarının hamısının özünəməxsus gözəlliyi olsa da, bu qız fərqlənirdi ,çox sığallı, tumarlı göyçək bir qız idi. Kəndin bütün oğlanları o qıza vurulmuşdu, onlardan biri də mən idim. (Gülür)

Ona sevgimi etiraf etməkdən ötrü 20-25 gün o üç kəlmənin tərcüməsini rəhmətlik anamdan tək-tək öyrəndim ki, məndən şübhələnməsin.  Anam savadlı qadın idi, bir neçə dil bilirdi. Biz tərəfdə anamıza “bajı” da deyirik. Bir gün soruşdum ki, bajı, “mən” rus dilində necə deyilir? – dedi “ya”. Bir həftə, on gün gözlədim, bir də soruşdum:”bajı, “səni” rusca necə deyilir?” Dedi:”Tebya.”  Bir 10-15 gün yenə də gözlədim ki, anam şübhələnməsin, dedim:”bajı, rusca “sevirəm” nə deməkdir?” Dedi:” Lyublyu.”

Öz-özümə dedim ki, həəə, daha üçatılan silahım əlimdə hazırdır “Ya tebya lyublyu.” Bir gün kolxozun həyətində, ot tayasının dibində bu qızın qabağını kəsib dedim :”Alya, ya tebya lyublyu.” O da, dedi :”net” və çıxdı getdi. Getdim evə anamdan soruşdum ki, “net” nə deməkdir, dedi “yox”.  Darmadağın oldum, elə pis oldum. Bir neçə gündən sonra oturub bir şeir yazdım:

Sizdən bir cavab istədim,

Rusca mənə “net”- dediniz.

Saf eşqimi lağa qoyub,

Hərdən “privet”-dediniz.

Amma düşünmədin, gözəl,

Gördüyün iş, necə işdir?

Mən biləni anan sənə

Rusca laylay deməmişdir.

Bax bu şeir idi südü “rüşvət” verib, çap elətdirmək istədiyim. O da alınmadı. Feyruz Atakişiyev dedi ki:” A bala, belə şeylər yazma, get.”

Dedim:” Feyruz əmi, müəllim, axı yazmasam durammıram.” Onda da dedi ki, get Lelindən yaz, Moskvadan yaz, Vətəndən yaz.  Getdim, yazdım bu mövzularda, amma sonra özümün xoşuma gəlmədi, cırdım atdım. Beləcə 2 - 3 il keçdi. Axırı ki, o “İki arzu” şeirini yazdım:

Sual verdi sevgilim, bir gün üz tutub mənə,

Nədir arzun həyatda, cavan şair, desənə?

Dedim həyatda yalnız, iki arzum var, ay qız,

Biri sənət dağının zirvəsinə ucalmaq,

Biri də ki, səninlə ömür sürüb, qocalmaq.

Bu uydurulmuş şeirimi o vaxt çap elədilər. Amma burdakı “şair” sözünü çıxarıb, “oğlan” ilə əvəz eləmişdilər, elə bil dünya dağılacaqdı “şair” qalsaydı.  Amma necə gözəl bir duyğu idi, İlahi. O dörd səhifəlik qəzetin vərəqləri elə bilirdim mənim qanadlarım idi, göylərə uçururdu məni. Yerə-göyə sığışmırdım sevincimdən. Məktəbdəki qızlar da mənə başqa cür baxmağa başlamışdı elə bil. Bütün rayon camaatı bəyənmişdi.

Gözəl günlər idi.

- Seyran Səxavətin dustaq günləri çox olub?

S.S – Həəəəə. Mənim elə bir şeirim də var. Olub, əlbəttə, yetərincə olub, ağır olub. Bildiyimiz dustaqxana kimi olmur ora, nə görüş günü verilmir, nə də bir dost-tanış pay tutub gəlmir yanına. Sənin mənə xatırlatdığın o dustaqxanaya heç nə qəbul edilmir. Ən çətin günlərim olub.

            - Həm deyirsiz ki, “mən görəni görməsin dostum, yadım.”, həm də sonda açarları butılkaya qoyub atırsınız. Axı o da Ələddinin lampası kimi kiminsə qarşısına çıxa bilər?

S.S – Görürsən, bax burda da həmin o dəli şeytanın rolu var, təsiri var. Sarsılmış psixoloji vəziyyətimdə mən o butulkanı suya atmaqla bəlkədə  öz dərdimi dənizlə bölüşürəm, ya da onu tapacaq adamla həmdərd oluram. Heç özümdə bilmirəm niyə elə oldu. (Biraz fikrə gedir)

          - Son 10 ildə də “dustaq günləriniz” olub?

S.S -  Bilirsən, o günlər elə ömür boyu mənimlə yoldaşlıq edir. Ünvan eyni olmasa da məzmun eyni qalır. Elə bil ki, bir xasiyyətdir. “Dustaq günlər” də hamı üçün gəlmir ha. Gəlir, üzünə xoş baxırsansa ömür boyu səndən əl çəkmir, yol yoldaşın olur. Deyim ki o qədər də pis şey deyil. Adamı biraz möhkəmləndirən, psixoloji cəhətdən bir idmandır.  Sözün yaxşı mənasında elə bil ki, o da bir imtahandır, bir sınaqdır, çək-çevirə düşmək və çıxmaqdır.

- Deyirsiniz ki:

   Bir əlimdə qələm

  Birində iynə:

  Biriylə kitab yazıram,

               Biriylə gor...

Hələ də bir əlinizdə qələmdir, birində iynə ?

S.S – Əslində bu asılıdır yaradıcı adamın- yəni müəllifin ovqatından. Elə bir söz yazırsan ki, bu qələmin içindən iynə  çıxır. Elə bil maqnt çəkir onu. Çünki söz özü iynə övladıdır. İynələyirsən də. İynə də gözəl terapiyadır ha. Tibbi iynədən, tibbi terapiyadan danışmıram. Görünür ki, iynəsiz olmaz, yer üzündə ona layiq o qədər şeylər var ki. Xalq demişkən:”Gərək vaxtlı – vaxtında onları iynələyəsən. Peyvəndləri vurula.” Yoxsa ağılları başlarına gəlmir.

            - Şeirinizin birində deyirsiniz ki:  “Demirəm ağrıma, elə ağrı ki,

Anam dözümsüzdür, anam bilməsin.”

S.S – “Ürək” şeirimdir.

Mən elə bilirdim sən bir dağsan, dağ

Əgər bahardırsa yarpaq ağrımaz,

Sən mənim sinəmdə bir ovuc torpaq

Mən elə bilirdim torpaq ağrımaz.

 

Yaxşı şeirdir, yaxşı yadıma saldın. Bilirsən, bu düşüncənin nəticəsi və məhsulu ola bilməz, bu vəhynən gəlir. Düşüncə bunu doğa bilməz. Yazanda düşüncə cəmi 10% , ürək isə 90% rol oynayır.

 - Bu şeirinizdə həm də anaların, ələlxüsus da Qarabağlı anaların oğlu ağrı çəkəndə hansı hissləri keçirməsini çox incə təsvir etmisiniz.

S.S – Bizdə o bölgü belədir də, analar oğullara meyilli olur, atalar qızlara.

Mən tələbə olanda tətil günlərinə kəndimizə gedirdim. Qayıdıb gələndə atam yekə bir taxta çemodanı verib deyirdi:”Setiş, bunu da verərsən Zümüş gilə.” İçində də bir cəmdək, yumurta, noxud, kənd toyuqları, nələr, nələr...

Mənə də bir hinduşka verib deyərdi ki:” Bunu da dostlarınla yeyərsən.” Fərqi gördün. (Gülür)

İndi mənim də qızlarım bir tərəfədilər, oğlanlarım bir tərəfə.

  • Qız uşaqlarına çox həssaslıqla yanaşırsınız, Seyran müəllim.

S.S – Bəli. Hətta mənim bir sözüm var:”Qızları sevindirin! Qızlar sevinəndə Allah sevinir. Allah da sevinəndə bəşəriyyətə qarşı daha mərhəmətli olur.” Sən qızlarda gücə bax ey. Əgər mənim duyduğum və dediyim gücü enerjiyə çevirmək olasa, 5-6 qızın enerjisi ilə bütün Azərbaycanı işıqlandırmaq olar.

            - Ay Seyran Müəllim, 16 yaşındakı Seyran Səxavətin “sevirəm” deməyi ilə, 80 yaşlı Seyran Səxavətin “sevirəm” deməyində fərq var?

S.S – Böyük fərq var. Əsas xətt qalır, bel sütunu kimi. Amma bu gün daha peşəkarcasına onu deyirəm mən. Elə bil sevgi məsələləri üzrə baş mütəxəss kimi. Burda da əsas ürəkdir. Baş ürəyin diktəsi ilə işləyir. Tərsinə olarsa orda heç nə alınmayacaq.  Bir fərq də odur ki, o vaxtkı səmavi bir şey idi, indi biraz yer ilə qarışıqdı. Bu da çox maraqlıdır, çox gözəldir. Dövr etibarı ilə ikisi də bir-birindən gözəldi. İnsanı yaşadan, gücləndirən, stimul verən bir vəziyyətdir.

            -  “Özünü də sevirəm” şeiriniz də ilk sevgiyə həsr olunub?

S.S – Ən dəlicəsinə sevdiyim bir yaşda – 15-16 yaşlarımda olub. Mən çox populyar şair olmuşam, özü də sevgi şeirləri şairi. Hətta həyat yoldaşımın xatirə dəftərindən də mənim şeirlərim çıxdı sonradan.

Bu yaxınlarda bizim Muradxanlı tayfası yubileyim münasibəti ilə mənə bir sürpriz elədi. Məndən başqa hamının xəbəri var imiş, hətta həyat yoldaşımın da.  Doğum günümə bir gün qalmış, yəni martın 22-si  məni şəhərdəki restoranların birinə dəvət etdilər. Bilirdim ki, ad günümə görə qonaqlıq verəcəklər. Çox gözəl bir məclis hazırlamışdılar, sağ olsunlar. Amma bir də  bilirsən neyləmişdilər mənim o qanımdan, canımdan olanlarım? Bu “Sevirəm” şeirimin, bir də “İlk məhəbbət, son məhəbbət” şeirimin əsas qəhrəmanları ilə görüntülü canlı bağlantı qurub məni onlarla  üz-üzə gətirdilər. Məni təbrik elədilər.

İkisinin də adı Sevda. Ağlamaq tutmuşdu məni. Sözü zarafata salıb dedim ki, bəlkə yığılıb bir televiziya kanalı açasınız. Əməlli başlı jurnalist araşdırması aparmısınız ki.

  • “Kölgə” şeirində tez itən kölgəniz haqqında danışmısınız. Kim idi o kölgə?

...Günəş çıxdı-çıxmadı

Hamının kölgəsi var,

Hər şeyin kölgəsi var.

Mənim kölgəm cavan getdi,

Bu dünyadan yavan getdi.

Elə bil ki, tək qoldum,

Kölgəm getdi tək qaldım...

S.S – Off...  Onun ruhuna mən qurban olum, dostum Adil Hacıyev. Sən onu bir dəfə görsəydin heç mənə salam verməzdin. İnsan nə qədər maraqlı adam idi. Allah! Allah! Allah!

Mən yaradıcılığımın 50%-ni ona borcluyam. Onu senatorun da qabağına çıxartmaq olardı, quldurun da, qırçının da. Adilin xarakterini tam təsvir etməsə də, bizim bir məsəlimiz var, deyir:“böyüklə böyük kiçiklə kiçik” – bax, elə idi.  Universal səviyyə sahibi idi o adam.

İnsanda nə qədər ironiya, nə qədər sarkazm, nə qədər dərin fəlsəfi bir aspekt,  bir prospekt...

Tez-tez gedirəm qəbrinin üstə. Gedirəm, söhbətləşirəm, sakitləşirəm.

Qəbrinin üstə gedib söhbətləşdiyim iki nəfərdi – biri Yusif Səmədoğludur, biri də Adil Hacıyev. (Kövrəlir)

  • Özünüzü harda qərib hiss edirsiniz?

S.S -  Pərvanə xanım, qəriblik hissi belədir ki, bu  məkanla bağlı deyil. Həm də məkanla bağlıdır. Soruşarsan “bu nə  təhər olur?”  Deyim, məsələn, birdən öz vətənində, öz elində, öz obasında , qohumlarının arasında, öz ailənin içində adam  özünü qərib hiss edir. Qəribçilik –ancaq  ərazi, məkan məsələsi deyil. Olur ki, qərib bir yerdə özünü lap ananın qucağındakı kimi hiss edirsən. Qəribçilik elə  bir hissdir ki, onu insanı ovqatı tənzimləyir. Bax bu gün burda elədiyimiz söhbəti uzaq Antraktidada da etsəydik, səni bilmirəm, mən özümü qərib hiss etməyəcəydim. Amma istər bu otaqda, istərsə də evimdə bəzən özünü “qələm sahibi” sayan elə “jurnalistləri” qəbul eləmişəm ki, qərib nədir e, onların yanında adam heç özünü hiss eləmir. Qəriblik hissi çox güclü bir hissdir. Ərazisi olmayan, ilahi, səmavi bir anlamdır. 4 tərəfə yolu olan bir anlamdır. Amma təsəvvür elə ki, onu insanın fərdi ovqatı tənzimləyir.

            - Onda deyə bilərikmi ki, adam harda özünü rahat hiss eləsə orda qərib deyil?

S.S – Nə gözəl ifadədir, nə gözəl cümlədir. Möhtəşəm sözdür. Qəribliyi bundan yaxşı heç bir təriflə izah etmək olmaz.

  • Seyran müəllim, Dünya  insanı nə vaxt aldadır?

S.S – Sənə deyim o proses qarşılıqlı prosesdir. Necə deyirlər ki, sevgi qarşılıqlı olmalıdır. Bu da qarşılıqlıdır. İnsan ömür boyu Dünyanı aldatmala məşğuldur, Dünya da insanı. Bu birmənalı belədir.

Sual o qədər gözəl sualdır ki, əhsən sənə.

Yaxşı suallar həmişə konkret cavab istəyir. Cavabı uzatmaq elə bil o sualın dəyərini gözdən salmaqdır.

  • Ola bilərmi ki, insan özü aldanmağa meyilli olanda ya da elə bilərəkdən aldadılmaq istəyəndə dünya da onu aldadır, elə insanlar da?

S.S – Ola bilər yox, bu dəqiq belədir. Hətta bir türk deyimi var:

“Öylə bir yalan de ki,

İnanmayım yalandır.” – bax bu sən dediyindir. Bir fərd olaraq, insan olaraq aldadılmağa meyilliyik.

Sən məni çox uzaqlara aparırsan, yaxşı da eləyirsən.

 Elə yalan var ki, həqiqətdən şirin, həqiqətdən real, həqiqətdən vicdanlıdır. Bax bunun adı “yalan” deyil, biz ona elə deyirik. Bu insanın psixologiyası ilə bağlı bir hisdir. Məsələn: gözəllik duyğusu super yüksək olan bir kişi bir xanımı çox sevir, bütün varlığı ilə sevir tutalım. Qadınsa ona biganədir. Amma qadın ona bircə dəfə desə ki, səni çox istəyirəm. Həmin kişinin ömrü minimum 10 il uzanar. Mən elə bilirəm. Ola bilər yanılıram. Amma mənə elə gəlir ki, mən heç yanılmıram.

  • Demisiniz ki:” Məni yazıçı edən düyanın üzünə yox, sözünə aldanmağımdır.”

S.S – Bax, orda da görürsən, dünya məni orda aldadıb. Amma sağ olsun ki, mənim ağlıma batan, o cadar-cadar olmuş hisslərimə su səpib o yalanla.

Dünya son dərəcədə yaxşı mənada seviləcək qədər qəlizdir. Və... bu qəlizliyin içində bir ilahi rahatlıq var.

  • Seyran müəllim, insanların çoxu dünyanın üzünə aldanır axı. Niyə?

S.S – Çünki insanlar surətpərəstdir.

            - Deyirsiniz:”İnsanlar bir-birilərini tərəzi çıxandan sonra aldatmağa başladılar.”

 Niyə günahı tərəzinin boynuna yıxırsınız ki?

S.S – Əvvəla,  günahı kiminsə boynuna yıxmalıyıq. Ortada bir günahkar olmalıdır də.

Amma burda günahı kiminsə boynuna yıxmaqdan çox, tarix məsələsi var, xronologiya var, təqvim var burda.

Məsələn: Qabaqlar biri malını yemləmək üçün 2 ot tayası almalı idisə, deyərdi:”Bu tayalara neçə erkək verim?”

Satan da deyərdi ki, 5 erkək. Bununla da hər iki tərəf alverindən razı qalardı. Amma tərəzi çıxandan sonra belə olmadı.

  • Bəs insanlar bir-birini niyə öldürməyə başladı? Vaxtını bilirik ki, Qabilin Habili öldürməsi ilə başlandı. Bəs səbəb nə idi?

S.S – Bax bu lap çətin sual oldu. Bizim şəriətdə də, Allahın nəzərində də  bu pis sayılır, günah sayılır. Burda , əstəğfurullah, biraz da Allahın günahı var. İnsanın xislətində elə bir nöqtə olub ki, onu ya görməyib, ya özü qəsdən elə eləyib. Biz 21-ci əsrin adamıyıq da. Qədim dövrdə qalmamışıq, orta əsrlərdən gəlməmişik.  Mən bunu nə ağlıma, nə qəlbimə sığışdıra bilmirəm. Çünki mən heç bir toyuq başı da kəsməmişəm, bir quş da öldürməmişəm.

Sən məni çox uzaqlara aparırsan, çox sağ ol. Sən yaxşı həmsöhbətsən.

Pərvanə xanım, mən sənə belə bir fikir deyəcəm. Təxminən 5-6 ay qabaq, durduğum yerdə belə bir nəticəyə gəldim. Hansı ölkənin adamlarının daha çox qəddar olmağını təyin etmək üçün mən öz aləmimdə bir meyar kəşf etmişəm. Hansı ölkələrdə ki, quşlar insanların lap yaxınına gəlirlər onlar ən humanist ölkələrdir. Əksinə olanlar isə ən qəddar ölkələrdir.

  • Bəlkə elə insanların bir-birini öldürməyinin səbəbini də ataq dəli şeytanın üstünə? Allahı günahlandırmayaq. Çünki Siz deyirsiniz ki, ideal olan, mükəmməl, kamil yalnız Allahdır.

S.S – Mən bir dəfə televiziya verilişlərinin birində demişdim ki, insanlar dayanmadan gecə-gündüz günah edirlər, sonra da hər şeyi atırlar zamanın boynuna. Bu zamanın boynu nə yoğunluğunda imiş... və belə getsə, belə də gedir, axırda zəmanə bəşəriyyətin günah anbarına çevriləcək. Bu anbar da bir gün  partlayanda dünyanın axırı olacaq. Birinci xəbərdarlıq oldu – pandemiya.

Hamımız onun içində olmaq şərtilə, deyirəm ki, insanlar çox qudurublar, çox harınlayıblar.

Pərvanə Eyvazqızı