Aida  Adıgözəl -  İtin gözlərindəki sevinc...

YAZARLAR 14:13 / 05.05.2026 Baxış sayı: 244

Yaşadığım ömrə görə çıxardığım nəticə - insanlara dəyərindən artıq sevgi verməməkdir, yaxud bunu göstərməməkdir. Çünki qarşı tərəf sənin bu sevgini zəiflik kimi qəbul edib öz xeyrinə sui-istifadəyə yönəldir. Bu üzdən içimdə qan ağlasam da bunu göstərməməyə çalışan buz heykəli kimi yaşamağa özümü alışdırmışam.

İki gündür Bakıdaydım. Rayona qayıdanda yol üstü bir market qarşısında dayanası olduq. Düşündüm evdə artıq çörək bitmək üzrədir, yorğun olduğumdan səhər bişirmək həvəsim də olmayacaq, qoy düşüm marketdən çörək alım. Alıb qayıdanda maşının iki addımlığında kiçik boylu növlərdən ağ qırmızı xallı bir it peyda oldu. Normalda mən heyvanlara nifrət bəsləyən olmasam da evdə heyvan saxlamağı qəti sevmirəm. İnanın, bu kiçik it dünəndən bura məni heyvanlara qarşı başqa bir dünyaya götürüb. İt yəqin ki çox ac imiş, gözlərində nə boyda bir yalvarışla mənə elə baxırdı ki...

Gözləri dolmuş, dili olsa danışacaq tərzdə, indi onu təpikləyib qovacağımı gözləyirmiş kimi gözlərini yumub elə bir ifadəylə quyruğunu bulayıb dayanmışdı ki yazığım gəldi. Elə ki gördü qovmadım, əksinə paketi açıb çörəyi kəsməyə hazırlaşıram ilahi, itin gözlərindəki sevincə dondum, it sevindiyindən inanın rəqs edib titrəyə-titrəyə rəsmən gülürdü. İri parça kəsib atdım, göydə qapıb götürüldü. Elə döndüm maşına oturam gördüm böyük ağappaq başqa bir toppuş it özünü düz ayağımın altına atdı. İki parça da buna verəndən sonra oturdum maşına. Və bilmədim heyvanların aclığına üzülüm yoxsa azca da olsa qarınlarına bir şey keçməsinə səbəb olduğuma sevinim. Hansı ki bütün günü işlək və içində dönər, yeməkxana olan böyük yolüstü şəbəkə idi. Hərə bir tikə nəsə versə onlar ac qalmazdılar.

Amma mən maşına oturanda vicdanən o qədər rahat idim ki, sanki göydən Allahın məni sevgi dolu təbəssümlə seyr etdiyini hiss eləyirdim...