AY Bəniz Əliyar - Bacarsaydım dəyişərdim dünyanı..

Ədəbiyyat 16:00 / 05.05.2026 Baxış sayı: 219

Bacarsaydım dəyişərdim dünyanı...

Bulaşmazdı ağ dediyim qaraya.

Sevgi ilə süsləyərdim hər yanı,

Ayrılıqlar soxulmazdı araya.

 

Olsa idi gücüm, qüvvəm, imkanım,

Dəyişərdim bu dünyanı nə ki, var.

Üzülməzdi ümidləri insanın,

Yox olmazdı hisslərdəki etibar.

 

Yatırardım bu acgözlü divləri,

Qırılmazdı xəyal adlı körpülər.

Müharibə dağıtmazdı evləri,

Ac yatmazdı ev-eşiksiz körpələr.

 

Günü günə caladığım zamanda

Bəzəyərdim ömürdəki günləri.

Sərhədləri yox edərdim bir anda,

Öz taxtından endirərdim dinləri.

 

Ağ elə ağ, qara qara qalardı,

Yəqin belə olmaz idi bu dünya.

Əsl yeri baş üstündə olardı,

Ayaq altda qalmaz idi bu dünya.

 

Belə fürsət düşməz yəqin heç ələ?

Azıb yolun bu nəsil, bu soy, Allah.

Dəyirmandı, çarxı işlər qan ilə,

Bu dünyanı öz yoluna qoy, Allah.