Şakir Xanhüseynli - Bir İki
1
ƏLLƏRİM VAR İKƏN
Əllərim var ikən
yalqız deyiləm;
tək də tənhalığım olmayıb, bilsən.
Köksümə sığınır ağır çağımda;
elə bil vurulub uzağa düşür...
Sanki nur gəzirəm qaranlığımda;
əlimi uzadıb kimlə görüşüm...
Barmaq uclarımla toxunur kimi
dinir ürəyimin qırıq kamanı...
Hərdən elə, elə istəyirəm ki,
əllərim saxlaya gedən zamanı.
Yaxşıca düşünüb-daşınsan əgər,
İşin getməyinə ayaqdı əllər!..
AXSAYAN İŞ
2
KALAMBURVARİ
sən təksən, tək, tək
tək-tək təklərdənsən
təksən tək,
təklənmisən təksən təksən tək
t+ə+k=tək
ttt
əəə
kkk
təkləri yığ başına
yekləri yığ
yeksən yeksən yerlə-yeksan
tək sən təksən? tək sən tək...
tƏksƏn tƏk tƏksƏn tƏk
t+ƏK
ey T, nə ƏKəsən...
nə əksən də, biçən sən olmayacaqsan
çün təksən, tək
budur gerçək
təksən tək tək tək
tək-tək gəlin üstümə tək tək tək
siz tək-tək gəlin Mən tək
ey siz də məntək
mən də sizintək
tək tək