Əşrəf    Veysəlli  - GƏLİBDİR

Ədəbiyyat 09:08 / 07.05.2026 Baxış sayı: 381

 

Yamacların istəkləri dillənib,

Zirvələrin ağ dumanı tüllənib,

Təbiətin duyğuları qüllənib,

Ürəklərə axan vaxtı gəlibdir.

 

Qızıl donlu, toy- busatlı günəşin,

Üzü gülər, qəlbi odlu günəşin,

Övladları səhər adlı günəşin

Zülmətləri boğan vaxtı gəlibdir.

 

İsaq - Musaq quşlarının haylaşan,

Dərələrin yallı gedib oynaşan,

Göy üzündə şimşəjlərin qaynaşan,

Şaqqıldayıb çaxan vaxtı gəlibdir.

 

Sularında yuyunduqca nəzərim,

Ürəyimdə ocaq çatar sözlərim.

Dan üzünü bir gül kimi Xəzərim

Yaxasına taxan vaxtı gəlibdir.

 

Sinəsində eşqi coşub onun da,

Od qaynayır suların da qanında.

Arzumuzun novruzgülü donunda

Qar ailtından qalxan vaxtı gəlibdir.

 

Sinəmizdə istək yanıb sızladı,

Əriməzmi bu həsrətu buzları?

Yaşımlzı əzbərləyib, qızların

Başımıza qaxan vaxtı gəlibdir.

 

Hara baxsan— eyni dünya, eyni qəm

Mən sevgisiz bir ürəyi neynirəm.

Gözəllərin od geyinib əyninə

Evimizi yıxan vaxtı gəlibdir.

 

Onu hər gün, onu hər an gözlədim.

Gözlərimdən olanacan gözlədim.

O insafsız niyə mənim gözlərim

Qorasını sıxan vaxtı gəlibdir.

 

Mənim bütün fəsillərim qış olub,

Harda dərd var,- ürəyimə tuş olub.

Bahara bax!— fürsətin bir quş olub.

Əllərimdən çıxan vaxtı gəlibdir.

 

Hər baxışla baxışmayan könlümün,

Ev- eşiyə yığışmayan könlümün,

Bu dünyaya sığışmayan könlümümün

Dörd divara sığan vaxtı gəlibdir.

2001- ci il.