Fərhad Tapdıqoğlu - Cərimələr...

YAZARLAR 09:40 / 07.05.2026 Baxış sayı: 330

 

Hidayət kişinin nəvəsi dünyaya göz açmışdı.Təbii ki,babası çox sevinirdi.

Oğlu Babaş növbəti dəfə xəstəxanada xeyli " şirinlik " "cərimə " ödəsə də ,əhval-ruhiyyəsi yaxşı idi.

Körpəni xəstəxanadan çıxarmağa Hidayət babanın minik maşınında getmişdilər.Xəstəxananın qarşısında dayandığına görə onu,yəni sürücünü cərimələdilər.

Nəvəsini evə gətirdilər.Darvazanın ağzında maşını saxladığı üçün ona cərimə yazdılar...

Hidayət baba hasarın küçə tərəfində bir neçə ətirli qızılgül kolu basdırdı ,cərimə olundu.

Həmin gün kafeyə gedib həmyaşıdları ilə "boğazını yaşladı".Axı nəvəsi olmuşdu.Kafedə siqaret çəkdiyinə görə yenə cərimə ...

Kafenin xadiməsi kök qadın idi.Hidayət xoş günü qeyd eləyən dostlara " bu qadın nə yaman natarazdı ,gombuldur" deməsini həmin qadın eşitdi və Hidayət kişini cərimələndirdi...

...Hidayət kişi evə qayıdanda "keyfi " yuxarı olduğundan marşrut avtobusunda ayayığının birini o biri ayağının üstünə aşırıb oturduğundan cərimə yazıldı ona...

Evə qayıtdı Hidayət kişi...

Məktəbli nəvəsi müəlliminin ona qışdırdığına görə şikayət etdiyini babasına çatdırdı,onun cərimələyəciklərini dedi...

Babası nəvəsindən niyə belə etdiyini soruşdu və onu tənbeh elədi.Nəvəsi babadan da şikayət edərək, onu da cərimələndirəcəyini bildirdi...

...Evdə Hidayət babaya xəbər verdilər ki,qaz sayğacına guya "müdaxilə" olunduğundan cərimə yazıblar...

...Hidayət kişinin 55 yaşı vardı.Hələ pensiyaya ( təqaüdə) çıxmasına 10 il qalmışdı.

İş üçün hara gedirdisə ,ona "yaşın çoxdur",yəni "işləmək üçün yaşın çoxdur,təqaüdə çıxmaq üçün yaşın azdır" -deyidilər...

Ona yazılan cərimələri ödəmək üçün isə o minimum əmək haqqı ilə illərlə işləməliydi( həm də ac qalmalıydı...ac adam necə işləyə bilər?!)...

Hidayət kişi fikrə getdi:

" İnsan dünyaya göz açmağı ilə valdeynlərə sevinc gətirsə də,əslində illər sonra cərimə gətirir.

Niyə axı belə olsun?"

... Bu yaşda iş tapa bilməyən Hidayət kişi cərimələri necə ödəyəcəyini günlərlə fikirləşdiyindən, infarkt keçirib ,xəstəxanaya yerləşdirildi...

...Xəstəxanada yatarkən yuxuda gördü ki, təqaüd yaşından artıq yaşayanları cərimələmək üçün qanun üzərində iş gedir...

Hidayət kişi sevindi ki,hələ təqaüdə çıxmağına on il var,heç olmasa çox yaşadığına görə cərimələnməyəcək...

Amma yazılan cərimələri ödəmək imkansızlığı onu rahat buraxmırdı ...

Bir yandan da xəstəxanada müalicə xərcləri...açıq ürək əməliyyatı gözlənilirdi ...

İcbari sığorta nə olsun ki,var...Bəs xaricdən gətirilən bahalı aparatlar,dərmanlar...onların pulunu kim ödəməlidir?

...Hidayət kişinin ürəyi yenidən bərk sancdı...

...Hidayət kişinin oğlu xərcləri ,cərimələri "qarşılamaq " üçün evlərini də,maşınlarını da satmağa məcbur oldu...

...İndi kirayə ev axtarırlar..

Az qala unutmuşdum... Kirayənişin mənzil sahibi ilə mütləq müqavilə bağlamalıdır, yoxsa yenə cərimə...

Bax belə...

Amma Hidayət kişinin yuxuda gördüyü "çox yaşayanları cərimələmək" qanunu üzərində işin hələlik dayandırıldığı barəsində məlumat "sızıb"...hələlik haa...

Az qala lap unutmuşdum ...

Hidayət kişinin məcbur olub satdığı evi alan ( təbii ki qohumunun adına sənədləşdirib) cərimələr haqqında qanun qəbul edənlərin biridir...