Əlizadə Nuri - Bu gün kəsdim başımı

Ədəbiyyat 09:55 / 07.05.2026 Baxış sayı: 410

 

Bir sükuta uduzur,

Milyon adamın səsi.

Hara çıxıb getdi ki

O qaraçı nəğməsi?

 

İndi necə gizləyim,

Mən bu boyda hüzünü?

Quşlar qanadlarıyla

Saxlayıb göy üzünü.

 

Sudu çağıran bizi?-

Səs gəlir o quyudan.

Daş da intihar edir

Atılaraq qayadan.

 

Bu gün kəsdim başımı-

Baş əyməyim şahlara.

Bir ovuc ümid verin

Paylayım uşaqlara...

 

Dünya torba tikənmiş,

Köynək toxuya bilmir.

..."Qara kağız"ım gəlib-

Nə yaxşı, dərsə getmir

Körpəm oxuya bilmir