Əşrəf Veysəlli - YERİNƏ DÜŞMƏYƏN SÖZ

Ədəbiyyat 09:00 / 05.03.2026 Baxış sayı: 157

 

Çiçək Tanrınındı, xəzəl Tanrının,

Olurmu- yaz gəlsin, xəzan gəlməsin?

Özəl dərgisində gözəl Tanrının

Sənə dərc olunmaq asan gəlməsin.

 

Onun bir işi də görk eləməkdi,

Bu işlər qeybindən gəlir ona da.

Çətini Tanrını dərk eləməkdi,

Sonra ərk eləmək olur ona da.

 

Hay verməz nə qədər haraylasam da,

Bir az da səbr edəm, dözəm bəlkə mən.

Onun dünya adlı gəraylısında

Yerinə düşməyən sözəm bəlkə mən.

Yoxammı mən onun nəzərlərində,

Heç mənim üstümdə göz olmur, olmur…

Yox, şair!

Tanrının əsərlərində

Yerinə düşməyən söz olmur, olmur.

 

    2018- ci il.