MEHDİ CALAL - ÇIXDIM

Ədəbiyyat 11:12 / 05.03.2026 Baxış sayı: 158

 

Qaçıb hamıdan gizləndim,

Gəlib bir dənizə çıxdım.

Gördüm elə dəniz mənəm,

Öz-özümdə üzə çıxdım.

 

 

 

Oyuldu sahil köynəyim,

Duyuldu ağrım, göynəyim.

Mən əzəllər çox köhnəydim,

Dalğalarda təzə çıxdım.

 

 

Ömrün yaz - qışından keçdim,

Eşqin dağ-daşından keçdim,

Göyün göz yaşından keçdim,

Qatar-qatar sözə çıxdım.

 

 

Yazdım ağ-ağ varaqları,

Yaxınları, uzaqları.

Yandırdım çıl-çıraqları,

Günəşli gündüzə çıxdım.

 

 

 

 

Nə aşkarmış sirr bildiyim,

Hər sirri min bir bildiyim,

Ayağıma yer bildiyim

Ölümnən üz-üzə çıxdım

       

Gördüm ki, ölüm - adamdı.

Önümdə dosttək dayandı.

Mən yandım, ölüm də yandı,

O külə, mən közə çıxdım.