Bəhram Bilaloğlu - Yaxın Qapı

YAZARLAR 09:58 / 05.03.2026 Baxış sayı: 1220

 

Payızın sərin küləyi dar küçənin tozunu asta-asta qaldırırdı. Gün batmaq üzrə idi. Qəribə bir səssizlik vardı məhəllədə. Sanki hər kəs öz dərdinə çəkilmişdi.

Evin həyətində oturan Vəli kişi köhnə stulun üzərində fikrə getmişdi. Gözləri uzağa baxsa da, əslində heç nə görmürdü. Çünki insanın içində qopan fırtına bəzən gözün gördüyünü də pərdə kimi örtür.

Bir neçə ay idi ki, işləri yaxşı getmirdi. Əlinin zəhməti ilə qazandığı ruzinin yolu sanki daralmışdı. Ətrafında çox adam vardı – qohumlar, tanışlar, dost deyənlər... Amma qəribədir ki, çətin gün gələndə o səs-küylü çevrədən sanki külək əsib hamısını aparmışdı.

Vəli kişi bunu ilk dəfə yaşamırdı. Həyat ona çox şey öyrətmişdi. Amma yenə də insan ürəyi bəzən ümid etməkdən əl çəkmir.

Elə bu fikirlərlə baş-başa qalan zaman, həyət qapısı yavaşca cırıltı ilə açıldı.

— Vəli müəllim, evdəsiniz?

Bu səs qonşusu Dadaş kişinin səsi idi.

Dadaş kişi əlində bir torba ilə içəri girdi. Sanki utanırmış kimi bir az gülümsədi.

— Dedim, bir baş çəkim. Hal-əhval tutum.

Vəli kişi qalxmaq istədi, amma Dadaş kişi əlini qaldırıb saxladı.

— Oturun, oturun... Mən elə-belə gəlmişəm.

Torbanı stolun üstünə qoydu. İçində çörək, bir az meyvə, bir az da bazarlıq vardı.

Vəli kişi bir anlıq susdu. Gözləri torbaya yox,Dadaş kişinin üzünə baxdı.

— Dadaş, buna nə ehtiyac vardı?

Dadaş kişi sadə bir adam idi. Həyatın böyük sözlərini bilməzdi. Amma ürəyin dilini yaxşı bilirdi.

— Vəli müəllim, ehtiyac sözünü deməyin. Bu gün mən gətirdim, sabah siz gətirərsiniz. Həyat belədir.

Sonra asta səslə əlavə etdi:

— Həm də ruzi verən biz deyilik axı...

Bu söz Vəli kişinin qəlbinə elə dəydi ki, sanki içindəki ağır yük bir az yüngülləşdi.

O an başa düşdü ki, bəzən Allah insanın köməyini göydən mələk kimi göndərmir. Onu insanın qapısından içəri girən sadə bir qonşunun əlində göndərir.

Çox adam qohum ola bilər. Qan bağın ola bilər. Amma ürək bağı hər kəsdə olmur.

O gün Vəli kişi bir həqiqəti yenidən dərk etdi:

Və dedi-

Dost odur ki,hamı gedəndə o gəlir: